İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə səbəb olub.
Xidmətin məlumatına görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində 168.532 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% çoxdur.
6 aylıq göstəricinin 42.955-i (25,5%-i) ilkin, 125.577-si (74,5%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ilkin qeydiyyat 29,7% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 23.057-si fərdi yaşayış və bağ evi, 40.987-si mənzil, 98.866-sı torpaq sahəsi, 1.780-i qeyri-yaşayış binası, 3.417-si qeyri-yaşayış sahəsi, 401-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlaklın 25,8%-i Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.
Y.MƏMMƏDLİ