İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib və mənzil fonduna daha iki yaşayış kompleksi üzrə mənzillər daxil edilib.

Fonddan bildirilib ki, yeni yaşayış komplekslərindən biri Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara ilkin mərhələdə 2 və 3 otaqlı olmaqla 100 mənzil təklif olunur. Yaşayış kompleksində təklif olunan mənzillərin aylıq ödənişləri 616 manatdan başlayır. Digər kompleks Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesinin 17-ci kilometrliyində yerləşir. Kompleks üzrə vətəndaşlara ilkin mərhələdə 111 mənzil təklif olunur ki, bunlar da 1, 2 və 3 otaqlı mənzillərdir. Mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərinə sığortalanma da daxil olmaqla xərclər nəzərə alınaraq hesablanır. Hazırda yeni ünvanlar da daxil olmaqla, Fondun balansında olan satmaq öhdəliyi ilə kirayə yaşayış sahələri Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 11 fərqli ünvanda yerləşir. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN