Müəssisədə 800-dən çox işçi çalışacaq.

"Azərbaycan Sənaye Korporasiyası" ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon dollar həcmində sərmayə qoyulması nəzərdə tutulur. Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminium sənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək".

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə də iqtisadiyyat naziri bu barədə bəhs etmişdi.

Nazir çıxışı zamanı bildirmişdi ki, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələr - “SOCAR Karbamid”, “SOCAR Metanol”, “Azerfloat” artıq tam istehsal gücləri ilə fəaliyyət göstərir.

“Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələrinin inşasını artıq başa çatdırmışıq və onlar açılışa tam hazırdır. Daha bir neçə xarici investorla iş aparılır. Eyni ərazidə yerləşən, Çin investoruna məxsus “Azərbaycan Vanhong Ceramics Co.” zavodunda 400 iş yerinin yaradılması nəzərdə tutulur. İldə 18,5 milyon kvadratmetr keramik plitə istehsal edəcək müəssisə təməlqoyma üçün tam hazır vəziyyətdədir”, - deyə Mikayıl Cabbarov qeyd etmişdi.

O, Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlərin prezidentin  tapşırığınıza əsasən, uğurla və qrafikə uyğun olaraq həyata keçirildiyini vurğulamışdı.

“Bu gün Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur”, -bildirib.

Nazir Prezident İlham Əliyevə xitabən  “Siz Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin aktivləşməsi mövzusuna toxundunuz və tranzit yükdaşımaları ilə bağlı bu fəaliyyəti həmkar qurum, struktur və nazirliklər ilə çalışaraq sıx əlaqələndiririk. Hesab edirik ki, zavodun fəaliyyətinin genişlənməsi bir tərəfdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin donanmasının modernləşməsinə və nəticədə həm Azərbaycan vasitəsilə tranzit yükdaşımaların buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır, digər tərəfdən isə sənayeləşmə və məşğulluq proseslərinə mühüm töhfə verir”, - deyib.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN