Daha çox məhsul yetişdir, daha çox pul qazan...
Buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alacaqlar. Prezident İlham Əliyevin imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmana əsasən, gələn ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq.
Bu sənəd subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı daha çox məhsul yetişdirən fermerin dövlətdən daha çox pul almasına səbəb olacaq.
Bu fikirləri millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiyası tətbiq ediləcək.
İqtisadçı yeni qaydaların tətbiqinin həm yerli istehsal sayəsində idxaldan asılılığı azaltmağa, həm də dünyadakı ərzaq böhranından qurtulmağa xidmət edəcəyini açıqlayıb.
“Bu qaydalar yerli istehsalı stimullaşdırmaqla idxaldan asıllılığın azaldılmasına xidmət edəcək. Qlobal ərzaq böhranın dərinləşməsi fonunda yerli ərzaq istehsalının artırılması daha aktuallaşıb. İşğaldan azad olunan ərazilərimizin taxıl və ərzaq istehsalı baxımdan böyük potensialı var. Bu da ərzaqla özünütəminata xüsusi töhvə verəcək”, deyə vurğulayıb.
Vüqar Bayramov bildirib ki, Nazirlər Kabinetinə ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi də Azərbaycana idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək.
“Sənəd fermerləri daha çox istehsala stimullaşdırmaqla istehlak bazarında tarazlığın qorunub saxlanmasına xüsusi dəstək olacaq. 2023-ci ildə dünyada ərzaq böhranının daha da dərinləşəcəyi gözlənilir. Bu isə, yerli fermerləri daha yaxın dəstəklənməsi və priventiv addımların sayının artırılmasını daha prioritetləşdirmişdi. Bu kontekstdən, məhsula görə subsidiya fermerin əməyini qiymətləndirmək üçün ən yaxşı üsullardan biridir. Artıq daha çox yerli ərzaq istehsalı, güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir”- deyib.
Qeyd edək ki, bir müddət əvvəl BMT də qlobal ərzaq böhranı ilə bağlı çağırış edib.
BMT-nin Ticarət və ixracın inkişafı üzrə konfransının sədri Rebekka Qrinspen bildirib ki, Rusiya və Ukraynadan ixrac olunan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına qaytarılmayan böhranı 2023-cü ildə qlobal fəlakət təhlükəsi yaradır.
"Mövcud ərzaq böhranı 2023-cü ildə sürətlə qlobal ərzaq fəlakətinə çevrilə bilər. Enerji qiymətləri artıb və Qara dəniz regionundan gübrə ixracına qoyulan məhdudiyyətlər gübrə qiymətlərinin ərzaq qiymətlərindən daha sürətlə artmasına səbəb olub", - o deyib.
Həmçinin o, vurğulayıb ki, əgər münaqişə və taxıl və gübrənin yüksək qiymətləri növbəti əkin mövsümünə qədər davam edərsə, mövcud böhran digər əsas bitkilərə, xüsusilə də düyüyə keçə bilər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş də Rusiya-Ukrayna müharibəsinin dünya üçün nəticələrinin daha da pisləşdiyini və 94 ölkədən 1,6 milyard insana təsir etdiyini bildirib.
Quterreş müharibənin görünməmiş aclıq dalğasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
JASMİN