Xəbər verdiyimiz kimi,  Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580,0 (beş yüz səksən) manat müəyyən olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qərarla bağlı qeyd edib ki, məqsəd buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin genişləndirilməsidir.

 “Bu, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanının icrası çərçivəsində həyata keçirilən işlərin davamı kimi qiymətləndirilməlidir”, - deyə bildirib.

 

Yeni qərar buğda ilə təminata və çörəyin qiymətinə necə təsir göstərəcək?

 

Vüqar Bayramov qeyd edib ki, son illər dövlət tərəfindən buğdanın alış qiymətində artımlar müşahidə olunur  - buğdanın hər tonuna görə dövlət fermerlərə son illər daha çox vəsait ödəyir.

 “Belə ki, ötən il ilə müqayəsədə buğdanın dövlət alış qiyməti 14.0 faiz artırılır. 2021-ci ildə 1 ton buğdaya görə 500 manat ödənilirdi. 2020-ci ildə bu göstərici 380, pandemiyadan əvvəlki il isə 300 manat olub. Bütövlükdə, 2019-cu il ilə müqayisədə buğdanın dövlət alış qiyməti bu il 50 faizə yaxın artırlır”.

 Onun sözlərinə görə, bu qərar fermerlərin buğda istehsalına olan marağını artıracaq.

 “Qərar fermerləri buğda istehsalına təşviqi məqsədi daşıdığı üçün bu taxil yetişdirilməsinə marağı daha da artıracaq. Rusiya-Ukrayna müharibəsi fonunda strateji ərzaq və xüsusən taxıl ilə təminatda idxaldan asıllılığın aradan qaldırılması daha da prioritetləşib. Bu il müşahidə olunan qlobal buğda qıtlığının gələn il də davam edəcəyi gözlənilir. İxrac həciminə görə dünyada ilk beşliyə daxil olan Ukrayna fermerləri çox az ərazilərdə ilkin şumlama işləri apara bilib.

Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı mətbəxdə xüsusi paya malikdir. Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər, həmçinin digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir”, - deyə vurğulayıb.

V.Bayramov diqqətə çatdırıb ki, Nazirlər Kabineti anti-infilyasiya tədbirləri çərçivəsində dünya bazarındakı qiymət artımlarının təsirlərini minimumlaşdırmağa çalışır.

“Aydındır ki, çörəyin qiymətinin optimal olması üçün ən uyğun yol, idxaldan asılılığın azaldılmasıdır.

Bütövlükdə, subsidyalar məbləği fonunda taxılın dövlət alış qiymətinin artırılması və hər il Nazirlər Kabineti tərəfindən tənizmlənməsi yerli istehsalın gücləndirilməsinə dəstək olacaq”, - deyə bildirib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN