“Bir iş yerində 8 saatdan artıq, məsələn 12 saatlıq iki növbə yaradılıbsa, bu zaman bu növbələrə gecə və axşam növbəsinə tətbiq edilən faizlər hesablanmır, yalnız gecə vaxtına tətbiq edilən faizlər hesablanır.”
Bunu Vəkillər Kollegiyasının üzvü, "LCG" vəkil bürosunun vəkili Əmiraslan Yusifov gecə vaxtı yerinə yetirilən işə görə əlavə maaşın hesablanıb verilmə qaydasını izah edərkən bildirib.
O, qeyd edib ki, əvvəlcə gecə vaxtı görülən işə görə əməkhaqqına əlavələrin hesablanması üçün öncə “gecə vaxtı” anlayışını dəqiqləşdirməliyik.
“Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, gecə vaxtı – saat 22-dən səhər saat 6-dək olan müddətdir. Bu vaxt ərzində görülən işlər üçün əməkhaqqına əlavələr hesablanmalıdır”- deyib.
Vəkil açıqlayıb ki, Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının 1-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir.
“Bu qərarın daha aydın başa düşülməsi üçün Ədliyyə Nazirliyi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə izahatı da mövcuddur. Burada 3 cür faiz hesablanması nəzərdə tutulduğundan bu faiz hesablamalarını bir-birindən ayıra bilməliyik. Ən əsas fərq “gecə vaxtı” ilə “gecə növbəsi” anlayışları arasındadır”, - deyə bildirib.
Vəkil izah edib ki, gecə vaxtı saat 22-dən səhər 6-dək olan müddətdir, gecə növbəsi isə saatlarının yarısı gecə vaxtına düşən növbədir, ondan öncə gələn növbə isə başlama vaxtından asılı olmayaraq, axşam növbəsi adlanır.
Onun sözlərinə görə, gecə növbəsi çoxnövbəlilik sistemi olan yerlərdə tətbiq olunur və hər bir növbənin saatı 8 saatdan artıq olmamalıdır.
“Yəni bir iş yerində 8 saatdan artıq, məsələn 12 saatlıq iki növbə yaradılıbsa, bu zaman bu növbələrə gecə və axşam növbəsinə tətbiq edilən faizlər hesablanmır, yalnız gecə vaxtına tətbiq edilən faizlər hesablanır”,- o, vurğulayıb.
Vəkil söylədiklərinin asan anlaşılması üçün misal da çəkib:
“ Tutaq ki, mühafizə xidməti göstərən şirkətdə işçilər yalnız gecə vaxtında çalışır. Yəni mühafizə xidməti üçün ayrıca çoxnövbəli qrafik təyin edilməyib. Bu zaman mühafizəçilərin gecə vaxtına düşən hər saatı üçün əməkhaqqına əlavə 20% hesablanacaq. Əgər mühafizəçilərin iş rejimi üçün hər növbəsi 8 saatdan çox olmamaqla çoxnövbəli iş qrafiki təyin edilmişdirsə, bu zaman gecə növbəsi əlavə 40%, axşam növbəsi əlavə 20%, digər növbə isə əlavəsiz əməkhaqqı alacaq”, - deyə şərhinə aydınlıq gətirib.
JASMİN