Çox spesifik gül olan xarıbülbülün yetişdirilməsi üçün xüsusi iqlim şəraiti lazımdır.

Bu fikirləri Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri Cavid Axundov xarıbülbülün gələcəkdə gülçülük sənayesi məqsədilə yetişdirilməsi barədə KİV-in sualını cavablandırarkən bildirib.

O, qeyd edib ki, bu məsələni araşdırıb və  bu, bir qədər çətin ola bilər:

“ Çünki xarıbülbül Qarabağın yalnız bir neçə hissəsində bitir. Çox spesifik gül olan xarıbülbülün yetişdirilməsi üçün xüsusi iqlim şəraiti lazımdır. Bundan əlavə, bu gül aprelin sonundan iyun ayına kimi, əsasən, may ayında bitir. Bu da sənaye istehsalı üçün problem yaradır. Amma xarıbülbül gülü Azərbaycan gülçülük sənayesinin simvoluna çevrilə bilər”, -deyə vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə Qarabağda gül plantasiyaları yaradılsa, oradakı gülləri xaricə xarıbülbül loqotipi ilə göndərə bilərik.

“Bu da bir növ xaricə mesaj olar ki, biz işğaldan azad olmuş ərazilərimizi çiçəkləndiririk” – Cavid Axundov bildirib.

Qeyd edək ki, Azərbaycanda qədimdən Xarıbülbül adlanan bitki latınca “ophrys caucasica” və ya “ophrys mammosa” adlanır. Ehtimal ki, “ofris”  bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. Şuşa və ətraf ərazilərdə geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevrilməyə başladı. Tədricən isə nişan müharibənin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN