“Tayvanla Çin arasındakı gərginlik Asiyada yükdaşımaları iflic edə bilər”.
Bunu qazax politoloq və iqtisadçı Zamir Karajanov bu günlərdə Qazaxıstan prezidentinin Azərbaycana gəlişinin qarşılıqlı iqtisadi əlaqələrin inkişafına təsirindən, mövcud vəziyyətdə ölkələrimizin beynəlxalq yükdaşımalar sistemində oynayacağı roldan danışarkən bildirib.
İqtisadçı qeyd edib ki, 2022-ci ildə geosiyasi risklər qlobal iqtisadiyyata güclü təsir göstərib.
“Bu risklər əvvəlki illərdə də müşahidə olunurdu: ABŞ və Çin arasında ticarət müharibəsini xatırlaya bilərik. Keçmiş dünya nizamı bu gün sabitliyi qoruya bilməz. Bu o deməkdir ki, geosiyasi risklər getdikcə artacaq və iqtisadi əlaqələrə, təchizat zəncirlərinə təsir edəcək”, - deyə o, bildirib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə həm təhlükələr, həm də fürsətlər yaranır: “Məsələn,Tayvanla Çin arasındakı gərginlik Asiyada yükdaşımaları iflic edə bilər. Bunun fonunda yüklərin dəmir yolu ilə daşınması stressə davamlı görünür. Vəziyyətdən istifadə edə bilərikmi? Yəqin ki, bacararıq. Amma problem ondadır ki, infrastruktur layihələri daha əvvəl həyata keçirilməli idi. Böyük siyasət regionun həyatına düzəlişlər edir. Mərkəzi Asiya və Qafqaz ölkələri alternativ marşrutlar yaratmalıdırlar. Ümid edirəm ki, növbəti illərdə infrastrukturun inkişafına əlavə investisiyalar cəlb olunacaq”,- deyib.
Ekspert bildirib ki, birğə ərzaq qovşağı Xəzəryanı ölkələrin ərzaq təhlükəsizliyini gücləndirməklə yanaşı, onlar arasında qarşılıqlı ticarətin artmasına da kömək edəcək.
O, həmçinin vurğulayıb ki, sanksiyalar tez aradan qalxmır və Transxəzər marşrutu etibarlı və təhlükəsiz olarsa, Avropaya olan yükdaşımaları icra edə bilər.
“... Bu, bizim özəl sektorun qazana və əlavə iş yerləri yarada biləcəyi mühüm bir sahədir. Amma bunun üçün qanunvericiliyə, o cümlədən sənayeni inhisardan çıxarmaq məqsədilə düzəlişlər etmək lazımdır. Başa düşmək lazımdır ki, sanksiyalar və geosiyasi gərginlik tez aradan qalxmır. Ona görə də Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı uzunmüddətli xarakter daşıyır. Bu marşrut etibarlı və təhlükəsiz olarsa, Asiyadan Avropaya dünya yükdaşımalarının bir hissəsini öz üzərinə götürə bilər.
Bu həm də Qazaxıstan və Azərbaycanın beynəlxalq yükdaşımalar sistemindəki rolunu müəyyən edəcək”, - Zamir Karajanov bildirib.
Xatırladaq ki, avqustun 24-də ölkəmizə səfərə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aşağıdakı sənədləri –
- “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ını və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni imzalayıblar.
Bundan başqa, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini vəzifəsini icra edən, ticarət və inteqrasiya naziri Serik Jumanqarin imzalayıblar.
Qeyd edək ki, səfər çərçivəsində müxtəlif nazirliklər, agentliklər… qarşılıqlı olaraq bir sıra memorandum və sazişlər də imzalayıb.
Y.MƏMMƏDLİ