Cari ildə təbii qaz ixracının 22,5 milyard kubmetrə çatdırması gözlənilir və onun da 11,5 milyard kubmetri Avropa ölkələrinə ixrac ediləcək.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Teleqram kanalına deyib.

O, qeyd edib ki, bu rəqəm Avropanın ümumi idxalında o qədər də böyük görünməyə bilər, amma bir çox ölkələr, xüsusilə Şərqi Avropa dövlətləri üçün Azərbaycan qazının oynayacağı rol kifayət qədər böyükdür.

Millət vəkili Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcminin 2,6 trilyon kubmetr olduğunu da diqqət çəkib: “Hazırda yeni yataqların işlənməsi prosesi də gedir. Bu, o deməkdir ki, Azərbaycan mövcud infrastrukturu inkişaf etdirməklə daha çox qaz ixrac edib daha çox valyuta əldə edəcək. Bu ilin 8 ayı ərzində Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirin həcmi 340 faizədək, istehsal isə cəmi 9,7 faiz artıb. İxracdan əldə olunan gəlirin artması Azərbaycanın qaz ixracından gələcəkdə daha çox valyuta əldə edə bilmə imkanının olduğunu göstərir. Bütövlükdə yeni reallıqlar, Azərbaycanla Avropa Birliyi arasındakı əməkdaşlığın yeni səviyyəyə çatması dövlətimizin gücünü, nüfuzunu göstərir”,- deyə bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Bakıya səfəri zamanı  "Ukraynaya qarşı təcavüzdən sonra Rusiyanın qazı Avropaya lazım deyil", -deyə vurğulamışdı.

Avropa Komissiyasının sədri çıxışında Avropanın təbii qaz tələbatının təmin olunmasında Azərbaycanın rolunun böyük olduğunu  və daxil olan qazın həcmini iki dəfə artırmaqla ildə 20 mlrd. kubmetrə çatdırmağa, bununla da Rusiyadan qaz tədarükünü xeyli azaltmağa imkan verəcəyini bildirmişdi.

Qeyd edək ki, avqustun sonunda Rusiyanın "Qazprom" şirkəti "Şimal axını" boru kəmərindən təbii qazın Avropaya nəqlinin qeyri-müəyyən müddətə dayandırıldığını bildirib.

Daha sonra Kremlin sözçüsü Dmitri Peskov bunun Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı olduğunu açıqladı...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN