DVX RƏİSİ KORRUPSİYA İLƏ EFFEKTİV MÜBARİZƏ APARDIQLARINI DEYİB
“Daxili təhlükəsizlik baş idarəsi tərəfindən son beş ildə korrupsiya ilə bağlı hüquqpozmalar və digər neqativ hallar üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 41 nəfər vergi orqanı əməkdaşının xidmətinə xitam verilib, o cümlədən 33 əməkdaş barəsində toplanmış materiallar törədilmiş əməllərə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Daxili təhlükəsizlik baş idarəsinin rəis müavini Şahin Səfərov KİV-ə açıqlamasında bildirib.
Şahin Səfərov vurğulayıb ki, korrupsiya ilə əlaqədar aşkar olunmuş hüquqpozma hallarına hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş materialların sayı onu deməyə əsas verir ki, vergi sistemində korrupsiya hallarının qarşısının alınması, korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi və bu halların yaranmasına yol açan mexanizmlərin ləğv edilməsi istiqamətində nəticəyönümlü işlər görülür və onlar kifayət qədər effektlidir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır.
23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib.
3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib.
Y.MƏMMƏDLİ