2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 20 milyard dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 2 dəfədən də çoxdur: keçən il bu rəqəm 8 milyard dollar olmuşdu.
Bunu İtaliyalı ekspert, Roma Sapienza Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə tanınmış tədqiqatçı Daniel Pommier Vinçelli İtaliya və Azərbaycan arasındakı iqtisadi əlaqələri dəyərləndirərkən bildirib.
Ekspert vurğulayıb ki, iki ölkə arasında ticarət balansı Azərbaycanın xeyrinədir, çünki daha çox Azərbaycan ixracatçıdır.
“Ticarət balansının xarakterinə nəzər salsaq, bu, birmənalı olaraq Azərbaycanın xeyrinədir. Ticarət balansının 90%-dən çoxu Azərbaycandan ixracın payına düşür. Ölkənizdən İtaliyaya, əsasən, neft və qaz ixrac edilir. Azərbaycandan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və TAP vasitəsilə tədarük edilən Xəzər qazı ev təsərrüfatları və müəssisələrin ümumi qaz tələbatının təxminən 13%-ni ödəyir. Gələcəkdə İtaliya Azərbaycanla iqtisadi əlaqələri daha da gücləndirmək niyyətindədir”,- deyə o, bildirib.
Professor diqqətə çatdırıb ki, ölkəmizin İtaliyadan idxal etdiyi bir çox məhsullar var ki, onun da dəyəri çox aşağıdır və bu işləri də bu istiqamətdə aparmaq lazımdır:
“ Azərbaycana hər il İtaliyadan ixrac edilən məişət texnikasının, mebelin, zərgərlik məmulatlarının, elektrik cihazları komponentlərinin, geyimlərin və dəbdəbəli malların dəyəri 500 milyon dollardan azdır. Bu mallardan başlamalıyıq”, - deyib.
***
Xatırladaq ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir.
Qeyd edək ki, Azərbaycan ilə İtaliya arasında iqtisadi münasibətlər yüksək templə inkişaf etməkdə davam edir. Son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır.
Y.MƏMMƏDLİ