Rusiya Energetika Nazirliyi Baltik limanlarından gətirilən Rusiya neftinin Brend markalı neftə nisbətən 50% endirimlə satıldığı barədə Bloomberg xəbərinə münasibət bildirib.
Departament xatırladıb ki, Rusiya prezidentinin əvvəllər dərc olunmuş fərmanı yerli şirkətlərə Qərb ölkələrinin hər hansı formada tətbiq etdiyi qeyri-qanuni məhdudiyyətlərə istinad etməyi qadağan edir.
"Bu qadağa Rusiya nefti ilə son istehlakçıya qədər istənilən əməliyyatlara şamil edilir ki, bu da digər şeylərlə yanaşı, fərmanın bu müddəasına əməl etməyən treyderlərlə işləməkdən imtinanı nəzərdə tutur", - Energetika Nazirliyinin bəyanatında deyilir.
Əlavə ediblər ki, bu fərmanın tətbiqi qaydası ilə bağlı ətraflı məlumat yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq. Qiymətlərin və endirimlərin monitorinqi proseduru ilə bağlı təfərrüatlar da dərc olunacaq.
“Monitorinqin nəticələrindən zərurət yaranarsa, mümkün endirimin bazar qiymətlərinə əsaslanan limitlərlə məhdudlaşdırılmasına yönəlmiş əlavə tədbirlərin hazırlanması üçün istifadə olunacaq”, - məlumatda deyilir.
Energetika Nazirliyi qeyd edib ki, hazırda Qərb ölkələrinin bazar mexanizmlərinə qeyri-qanuni müdaxiləsi dünyanın təhlükəsiz və dayanıqlı enerji təchizatına təsir göstərir.
Bundan əvvəl Bloomberg Rusiya neftinin bir barelinin 38 dollara satıldığını bildirmişdi.
E.ŞİRİNOV