Aİ və üzv ölkələr Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri maddi və mənəvi olaraq Ukraynanın yanındadır.
Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Rusiyanın tammiqyaslı işğalının ilk günündən bəri Avropa İttifaqı və ona üzv olan ölkələr Ukraynaya 50 milyard avro yardım ayırıb.
O, bunu bu gün NATO-nun baş katibi və Avropa Komissiyasının sədri ilə olduğu birgə brifinqdə deyib.
Şarl Mişel xatırladıb ki, Ukrayna müharibəsi ilə bağlı tarixdə ilk dəfə olaraq Aİ Avropa Sülh Fondu vasitəsilə üçüncü ölkəyə vəsait ayırıb və bunu genişmiqyaslı müharibə başlayandan sonra ilk saatlarda edib. Mişel vurğulayıb ki, bu günə qədər üzv ölkələrin əhəmiyyətli töhfələrindən əlavə, bu mexanizm vasitəsilə 3 milyard avrodan çox vəsait ayrılıb.
"Biz ilk gündən Ukrayna xalqını güclü hərbi, maliyyə və diplomatik yardımla dəstəklədik. Aİ üzv ölkələrlə birlikdə təxminən 50 milyard avro töhfə verdi",- deyə Avropa Şurasının rəhbəri bildirib.
Qeud edək ki, yanvarın 9-da son beş ildə və Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfə olaraq Avropa İttifaqı və Şimali Atlantika Alyansı əməkdaşlıq haqqında yenilənmiş Birgə Bəyannamə imzalayıblar.
Aİ və NATO-nun ilk birgə bəyannaməsi 2016-cı ildə, ikincisi isə 2018-ci ildə imzalanıb. O digər məsələlərlə yanaşı, hərbi texnikanın və şəxsi heyətin hərəkəti, kibertəhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə və antiterror tədbirləri kimi sahələrdə əməkdaşlıq baxışını əks etdirir.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb.
Və Şarl Mişelin də açıqladığı kimi, Aİ Ukraynanın Rusiyanın hərbi müdaxiləsinə davam gətirməsu üçün indiyədək külli miqdarda pul xərclənib və müharibə davam etdikcə xərclənməkdədir... Aİ ölkələrinin bir çox tanınmış siyasətçiləri dəfələrlə Ukraynanın bu müharibədə tam qələbə çalmasının vacib olduğunu vurğulayıblar. Onlar Rusiyanı Aİ-yə qarşı real təhlükə kimi görürlər... Və Rusiyanın bu müharibədə qələbə çalacağı halda onlara da növbə çatacağından əndişələnirlər...
Y.MƏMMƏDLİ