Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda rəsmi səfərdədir.

 Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab olunur. Son illər tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi də müşahidə olunur.

Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.

İqtisadçı diqqətə çatdırıb ki, 2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 35,161 milyon dollar olub.

“Ötən ilin ilk 11 ayında ümumi dövriyyə 40,799 milyon dollara çatıb. Bu o deməkdir ki, yalnız 11 ayda ticarət dövriyyəmiz əvvəlki il ilə müqayisədə 16.0 faiz artıb. Bütövlükdə, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində 20 faizdən çox artımın olduğu güman edilir”, - deyə bildirib.

O, vurğulayıb ki, bu rəqəmlərə rəğmən, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür.

“Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Macarıstan ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Bu son dövrlər ölkələr arasında aparılan müzakirələrdə əsas xəttlərdən hesab olunur. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib”, -deyə xatırladıb.

Millət vəkili onu da əlavə edib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.

“Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”, - o, deyib.

Qeyd edək ki, Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur.

2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı.  Azərbaycanın Macarıstandakı səfirliyi isə bir qədər gec - 2004-cü il sentyabr ayında açılıb. 

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN