Azərbaycan və Pakistanda kənd təsərrüfatı, enerji və infrastruktur kimi müxtəlif sektorlarda birgə müəssisələrin yaradılmasını və investisiya imkanlarını təşviq etmək lazımdır.
Bu fikri pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.
Onun sözlərinə görə, ticarət-iqtisadi əməkdaşlığın inkişafına təkan vermək məqsədilə bir sıra tədbirlər həyata keçirilə bilər ki, bunlardan ən mühümü mal və xidmət axınının asanlaşdırılması üçün nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasıdır.
Həmçinin onun sözlərinə görə, ölkələr arasında turizm sahəsində əməkdaşlığı genişləndirmək üçün İslamabad və Pişəvər kimi şəhərlərə birbaşa uçuş marşrutları açaraq mədəni, tarixi yerlərə diqqət çəkməklə turizmi təşviq etmək lazımdır.
Qeyd edək ki, Pakistan Azərbaycana dost və qardaş ölkədir. Ölkələrimiz arasında çoxşaxəli əlaqələr qurulub və inkişaf etdirilir.
Lakin ölkələrimiz arasında 2021-ci ildə ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 11,6 % azalaraq 11 milyon 729 min ABŞ dolları təşkil edib.
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhattin bildirmişdi ki, ötən ilin 10 ayında isə bu göstərici 19 milyon 045 min ABŞ dolları təşkil edib, lakin ticarət dövriyyəsini 25-30 milyon ABŞ dollarına çatdırmaq mümkündür.
Onu da diqqətə çatdıraq ki, 2018-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatmışdı.
Yəqin ki, dost ölkə ilə ticarət dövriyyəsinin artırmağın yolları barədə düşünülür.
Y.MƏMMƏDLİ