Ötən il ölkədə kərə yağı istehsalı 8,3%. azalıb..
Bu il Azərbaycan Ukrayna pendiri və kərə yağının əsas idxalçıları sırasına daxil olub.
"Ukrayna Aqrar Biznes Klubu"nun məlumatına görə, ölkədən təkcə 2023-cü ilin fevral ayında 3,8 milyon dollar dəyərində 786 ton pendir ixrac edilib. Fevralda Ukrayna pendirinin ən böyük idxalçıları Qazaxıstan (59,8 faiz), Moldova (19,7 faiz), İordaniya (5,3 faiz) və Azərbaycan (4,7 faiz) olub.
Fevralda da ən çox kərə yağı Moldovaya (26,1 faiz), Qazaxıstana (21 faiz), Azərbaycana (15,4 faiz), İsrailə (11,2 faiz) və Liviyaya (7 faiz) ixrac edilib.
***
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda kərə yağı istehsalı 2021-ci illə müqayisədə 8,3 faiz azalıb.
Ötən il Azərbaycana 18 min 562 ton kərə yağı idxal olunub. Hansı ki, bu rəqəm 2021-ci ildə 15 min 34 ton təşkil edib.
Fərq isə heç də az deyil – 3 min 528 ton…
Səbəb nədir?
Ekspertlərin sözlərinə görə, yerli yağ keyfiyyətli olsa da bahadır və bu mənada ölkəmizə xaricdən daha ucuz yağ idxal etmək daha sərfəlidir, çünki əksəriyyət alıcını yağın keyfiyyəti deyil, qiyməti maraqlandırır…
Həmçinin bildirilir ki, südün litri də bahalaşdığı üçün yerli istehsalçılar yağ istehsal etməkdənsə, pendir istehsal edib qonşu Rusiyaya satmağa daha çox önəm verirlər. Yəni, yerli kərə yağı istehsalçılarına kərə yağı istehsal etmək sərf etmir - onlar xaricdən gətirilən yağlara qiymət baxımından uduzur.
P.S.Əslində, alıcılar məhsulun keyfiyyətli, yaxud keyfiyyətsiz olduğunu çox gözəl bilirlər və keyfiyyətli məhsul almaq istəyirlər. Təəssüf ki, bir çox alıcı üçün istək deyil, cibindəki pul rol oynayır…
Y.MƏMMƏDLİ