OPEK+ ölkələrinin bazarın sabitləşdirilməsində öz maraqları var, Rusiya bu dövlətlərlə daim təmasdadır, “amma bundan artıq deyil”.
Tezadlar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir sıra OPEK+ ölkələrinin neft hasilatını 2023-cü ilin may ayından könüllü olaraq azaltmaq qərarını şərh edərkən deyib.
"Rusiya bir sıra OPEK+ dövlətləri ilə daimi təmasdadır, bu, ümumi prosesdir. Amma bundan artıq deyil. Bu halda ölkələrin müstəqil xətti, bazarın sabitləşdirilməsində müstəqil marağı var", - Peskov bildirib.
Xatırladaq ki, aprelin 2-də Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan etmişdi ki, Rusiya neft hasilatını könüllü olaraq fevral ayında orta hasilatdan sutkada 500 min barel azaltmağı 2023-cü ilin sonuna qədər uzadacaq. O vurğulayıb ki, ölkə məsuliyyətli və qabaqlayıcı tədbir kimi neft hasilatını azaldır.
Baş nazirin müavini əlavə edib ki, ABŞ və Avropadakı bank böhranı səbəbindən qlobal neft bazarı indi gözlənilməzdir.
Aprelin 3-nə olan ticarət məlumatları göstərir ki, Rusiya da daxil olmaqla bir sıra OPEK+ üzvləri xammal hasilatını azaltmaq qərarına gəldikdən sonra dünya neft qiymətləri beş faizdən çox artıb.
E.ŞİRİNOV