“Dünyada belə təcrübə çox deyil.”

***

Alternativ enerji mənbələrinin inkişafı və istismarı daxildə böyük vəsaitlərə qənaət etməyimizə şərait yaradacaq.

 Bunu millət vəkili Elnur Allahverdiyev bildirib.

Millət vəkili vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə ancaq “yaşıl enerji”dən istifadə ediləcək.

O, diqqətə çatdırıb ki, bu, həmin bölgənin ekoloji durumundan tutmuş turizm potensialınadək həyatın bütün sferalarına öz təsirini göstərəcək.

“ Bu həm də bir cəlbedicilik, təbliğat, reklam amilinə cevriləcək. Dünyada belə təcrübə çox deyil. Bu, həm də qənaət baxımından büdcəmizə müsbət təsir göstərəcək”, - deyə bildirib.

***

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı da "yaşıl enerji"dən bəhs etmişdi.

"Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Dediyim kimi, biz ilkin sənədləri imzalamışıq. Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq. Lakin bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil", - deyə prezident diqqətə çatdırmışdı.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN