Ümumi uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, süni qurğuların və 4 avtomobil tunelinin tikintisi davam etdirilir.
Tezadlar.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, 3 tuneldə qazma, püskürtmə və beton işləri tamamlanıb, Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 5 km-ə yaxın qazma, püskürtmə və beton işləri tamamlanıb, 14 ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Bununla yanaşı, 72,3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağının, süni qurğuların və tunellərin tikintisi davam etdirilir.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda isə torpaq yatağının və yol əsasının tikintisi, yol əsası hazır olan ərazilərin asfaltlanması, süni qurğuların, körpü və tunellərin inşası işləri aparılır. Ümumilikdə yol boyunca yerinə yetirilən işlər 40 fazidən artıqdır.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun da tikintisi sürətlə davam etdirilir. Yol boyu torpaq yatağının və yol əsasının, asfalt-beton örtüyünün döşənməsinin, boru və keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə davam etdirilir.