Tatarıstanın Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində Rusiyanın “Sollers” şirkəti və Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC arasında Azərbaycanda “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, memorandumu "Sollers" şirkətinin baş direktoru Nikolay Sobolev və “Azərmaş”ın sədri Emin Axundov imzalayıblar.
Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur.
Qeyd edək ki, "Sollers" şirkəti UAZ yolsuzluq və yüngül kommersiya avtomobillərini və ZMZ benzin mühərriklərini istehsal edən Rusiyanın avtomobil şirkətidir.