Avropa Komissiyası (AK) Ukraynadan taxıl idxalına qoyulmuş qadağanın bir sıra Aİ ölkələrinə uzadılması ilə bağlı hələlik qərar qəbul etməyib.
Tezadlar.az bildirir ki, bu barədə AK-nin rəsmi nümayəndəsi Miriam Qarsiya Ferrer məlumat verib.
“Qərar hələ verilməyib”, - o, embarqonun uzadılması ilə bağlı mediada dərc olunan məlumatları təkzib edib.
Bundan əvvəl Polşanın “Wiamosci” qəzeti Aİ-dəki mənbəsinə istinadən xəbər vermişdi ki, Avropa Komissiyası (AK) Ukraynadan Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstana taxıl idxalına qoyulan qadağanın müddətini sentyabrın ortalarına qədər uzadıb. Mayın 2-dən iyunun 5-dək Aİ-nin bir sıra ölkələrində (uzadılma imkanı ilə) Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının sərbəst dövriyyəsini qadağan edən Avropa İttifaqının nizamnaməsi mövcuddur.
Ukrayna Avropa İttifaqını Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya taxıl tədarükünə qoyulan qadağanı ləğv etməyə çağırıb. Aqrar siyasət və ərzaq naziri Nikola Solskinin sözlərinə görə, embarqonun müddəti uzadılarsa, ukraynalı fermerlər “milyardlarla dollar” itkiyə məruz qala bilərlər.
E.ŞİRİNOV