Mart ayından başlayaraq kredit üçün banklara müraciət edənlərin sayında azalma müşahidə edilməkdədir.
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov məsələnin səbəbini izah edib.
O da diqqətə çatdırıb ki, banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma davam edir.
"Belə ki, əgər banklar bu ilin mart ayında 68,6 milyon manat ipoteka kredit yerləşdirmişdilərsə, bu göstərici aprel ayında 53,9 milyon, may ayında 40,9 milyon, iyun ayında 37,8 milyon və iyul ayında 35.9 milyon manat olub. Göründüyü kimi, sözügedən dövrdə mart ayından başlayaraq ipoteka kreditlərinin həcmi hər ay əvvəlki aya nisbətən azalıb. İyul ayında mart ayına nisbətən bankların ipoteka kreditlərinin həcmində 2 dəfəyə yaxın azalma qeydə alınıb", - deyə o bildirib.
O, vurğulayıb əksər banklarda faiz dərəcəsi yüksək olduğu üçün mənzili sahibi olmaq istəyənlər üçün bu faiz ödənişi çox yüksəkdir. Vüqar Bayramov ölkədə fəaliyyət göstərən bankların ipoteka kreditləri üzrə faiz dərəcəsini azaltmalarının vacibliyinə də diqqət çəkib.
"Əksər banklarda daxili ipoteka kreditləri üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Sistem əhəmiyyətli ilk 3 bank istisna olmaqla digər əksər banklarda illik faiz dərəcəsi 12-dən başlayır və bu da mənzil alışı üçün kifayət qədər yüksək faizlər hesab olunmalıdır.
Bütün inkişaf etmiş ölkələrdə əmlak bazarı iqtisadi aktivlik baxımından vacib sektorlardandır. Bu bir tərəfdən vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına xidmət edir, digər tərəfdən real sektoru canlandırır. Bu baxımdan, Azərbaycanda da bankların verdiyi ipoteka kreditlərinin həcmində artım tempinin bərpa edilməsi və faizlərin aşağı salınması vacibdir. Bu vətəndaşların kreditlərə əlçatanlığının təmin edilməsi, mənzil probleminin həllinə dəstək olunması və bütövlükdə, həmin sektorda aktivliyin qorunub saxlanması baxımdan əhəmiyyətlidir", - deyə izah edib.
Xatırladaq ki, Azərbaycanda kifayət qədər ailənin - gəncin ev almağa ehtiyacı var. Lakin onların aylıq əmək haqqı ipoteka krediti ilə mənzil almağa kifayət etmir. Buna səbəb isə bankların daha çox gəlir əldə etmə istəkləridir. Və bu gün belə bankların acgözlüyü səbəbindən bu sektor yerində sayır...
Y.MƏMMƏDLİ