Bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat olub. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq.
Bu fikri iqtisadçı-ekspert, deputat Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir.
İqtisadçının sözlərinə görə, yeni sistemə əsasən əmək pensiyası alan şəxslərin pensiyaları hər il yanvar ayının əvvəlində əvvəlki ilin orta əmək haqqına uyğun artırılacaq.
"Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur", - deyə bildirib.
O, pensiyaların indeksikasiyası ilə bağlı konkret rəqəmlərin növbəti ilin əvvəlində məlum olacağını da diqqətə çatdırıb:
"Bu ilin 7 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq", - iqtisadçı izah edib.
Vüqar Bayramov vurğulayıb ki, orta aylıq əmək haqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir.
JASMİN