...Azərbaycan xalqı müasir dövrdə özünün şərəfli tarixini yazmaqda və dövlətçilik ənənələrini gücləndirməkdədir.

Bununla bərabər, 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsi, geniş miqyaslı bərpa və dirçəliş tədbirlərinin həyata keçirilməsi sürətlənməkdədir. Bir-birinin ardınca strateji əhəmiyyət kəsb edən sosial, təminat, nəqliyyat-logistika və istehsal layihələri reallaşdırılmaqdadır. Bu baxımdan Zəngilan şəhəri və Zəngilan rayonu da istisna təşkil etmir.

20 oktyabr ilk dəfə Zəngilan şəhər günü kimi qeyd edilməkdədir və biz tezliklə müasir Zəngilan şəhərinin rəngarəng həyatının şahidi olacağıq. Belə ki, hazırda Zəngilan şəhəri nəhəng tikinti meydançasını xatırladır. Ölkə Prezidentinin 2023-cü il sentyabrın 28-də Zəngilan rayonuna səfəri zamanı sosial və digər mühüm təyinatlı infrastruktur obyektlərinin və müəssisələrinin təməlqoyma, yaxud açılış mərasimləri keçirilmişdir. Böyük Qayıdışın sürətləndirilməsi məqsədilə yeni yaşayış məntəqələrinin tikintisinə başlanılmışdır və buna misal olaraq Alıbəyli kəndinin təməlinin qoyulmasını göstərmək olar.

Zəngilan şəhərində isə 2-ci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu kompleks 110 mənzildən ibarət olacaqdır. “Böyük Qayıdış” proqramı çərçivəsində 410 mənzilin tikintisi reallaşdırılacaqdır. Bunun üçün dövlət başçısının iştirakı ilə  Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin də təməli qoyulmuşdur. İki hektar əraziyə malik bu kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar inşa olunacaq və cəmisi 192 mənzil Zəngilanlıların sərəncamına veriləcəkdir. Təməlqoyma mərasimi keçirilən 4-cü yaşayış kompleksində isə əsasən 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və ümumilikdə 131 mənzilin tikintisi təmin ediləcəkdir.

Eyni zamanda, Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olmuş və burada sentyabrın 29-da ilk yüksək səviyyəli Beynəlxalq tədbir – BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilmişdir. Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev qeyd etmişdir ki: “Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə... ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar... Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqdır”.

Qeyd edək ki, Zəngilan inzibati vahid formasında 1930-cu ildən fəaliyyət göstərir və ərazisi 707 km2 təşkil edir. Bu rayonun strateji əhəmiyyəti baxımından Cənubdan və Şərqdən İran, Qərbdən Ermənistanla həmsərhəd olmasıdır.  Rayonun ərazisində sıldırım qayalar, gözəl təbiətə malik düzənliklər və qiymətli meşələr vardır. Resurs ehtiyatları baxımından Zəngilanda gil və əhəng ehtiyatları, Vəjnəlidə zəngin qızıl yataqları vardır. Bu baxımdan, Zəngilanda bir sıra iqtisadiyyat sahələrinin səmərəli təşkili və inkişaf etdirilməsi üçün resurslar vardır.

Zəngilanda reallaşdırılan bir sıra iri layihələr onun strateji əhəmiyyətini sürətlə yüksəltməkdədir. Qısa müddət ərzində istismara verilmiş Zəngilan Beynəlxalq Hava Limanı regionun sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, regionun strateji  rolunu artırmaqdadır. Dünya səviyyəli beynəlxalq hava nəqliyyatı infrastrukturunun formalaşdırılması bölgənin strateji əhəmiyyətinin əsas göstəricilərindən biri kimi baxıla bilər. Burada hava limanının olması region və ümumilikdə dünya ölkələrinin, həm də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın bu bölgəyə marağını xeyli artıra bilər. Xüsusilə, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın bu regiona marağını yüksəldər. Eyni zamanda, ticarət iqtisadi əlaqələrin genişləndirilməsi kontekstində çevik nəqliyyat infrastrukturunun mövcudluğu investorların bölgəyə axınlarına ciddi təkan verə bilər.

Tezliklə reallaşdırılması nəzərdə tutulan Zəngəzur Qlobal Nəqliyyat Dəhlizinin əsas marşrutlarından biri olan Zəngilan şəhərinin sürətlə bərpa edilməsi və dirçəldilməsi onu Şərqi Zəngəzurun strateji mərkəzinə çevirməkdədir.

 ŞƏFA ƏLİYEV,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri, 

Sumqayıt  Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN