Azərbaycan və Pakistan arasında 2023-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 18,3 milyon dollara çatıb, nikbin gözləntilərlə yaxın 2-3 ildə bu rəqəm 30 milyon dollardan çox olacaq.
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm “vergiler.az”a bildirib.
Onun sözlərinə görə, Preferensial Ticarət Sazişinin və Tranzit Ticarət Sazişinin başa çatdırılması ticarətin liberallaşdırılmasının təşviqi və ikitərəfli ticarətin genişləndirilməsi istiqamətində mühüm addımdır.
“Bu, Bakı və İslamabad arasında iqtisadi qarşılıqlı fəaliyyət üçün imkanlar açır. Bu da ölkələrin sosial-iqtisadi inkişafının stimullaşdırılmasına yönəlmiş birgə strategiyalar hazırlamaqla onların ikitərəfli əlaqələrini gücləndirə bilər”, - o, bildirib.
Xalid Teymur Əkrəm vurğulayıb ki, daha güclü əlaqələrin qurulması və iki ölkənin birgə səylərinin tam potensialının reallaşdırılması üçün strateji yanaşma vacibdir.
“Bu səylərə səfərlərin mübadiləsi və ticarətin genişləndirilməsi, investisiyaların təşviqi və yeni imkanların araşdırılması kimi digər mühüm əməkdaşlıq sahələri daxildir. Hər iki ölkə iqtisadi əlaqələrini dərinləşdirmək və qarşılıqlı rifaha nail olmaq məqsədi ilə əməkdaşlığın qurulmasına sadiqdir”, - deyə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru diqqətə çatdırıb.
Qeyd edək ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan üçüncü ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur.
Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır.
Pakistan, həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılıb. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.
Y.Məmmədli