Bu peşə sahələrində çalışan şəxslərin pensiya yaşı azaldıldı.
Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib. Yeni dəyişikliklər ilə güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib.
TEZADLAR.AZ xəbər verir ki. bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.
O, qeyd edib ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər.
İqtisadçı vurğulayıb ki, daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır.
"Çünki iş rejimindən asılı olaraq onların sosial müdafiəsinin daha gücləndirilməsi vacibdir. Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yeniləşdirilməsi vacibdir", - deyib.
Deputat bu siyahıya 3 və daha artıq övladı olan anaların da salınmasının vacibliyini bildirib.
"Digər tərəfdən, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur. Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu, həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi", - iqtisadçı ekspert təklifini də verib.
Y.Məmmədli