“Dəfələrlə kənd birliyi olaraq yığılıb Şəmkir su anbarı nümayəndəliyi ilə görüşməyə getmişik. Onlar da bizə söz vermişdilər ki, noyabrın 25-də su vurulacaq. Amma ortada nə su, nə də bir ümid var”.
Bu sözləri Goranboy rayonunun Veyisli kənd sakini Hadi Şamilov deyir. Şikayətçi bildirir ki, özü kənd təsərrüfatı ilə məşğuldur, amma əkin sahələri hazırda susuz qalıb: “Bizim kənddə su problemi həmişə olub. Ancaq Veyisliyə Şəmkir su anbarından kanal çəkiləndən sonra bu problem həll olunmuşdu. Kanal vasitəsilə gələn sudan əkinlərimizi suvarmaq üçün istifadə edirdik. Lakin bir müddətdir ki, bunu edə bilmirik. Su gəlmir. Həm Şəmkir su anbarına, həm də Goranboy su nümayəndəliyinə müraciət etmişik. Düzdür, həmin vaxt əl-ayağa düşüb problemimizlə maraqlandılar. Söz verdilər ki, həll edəcəklər. Amma hər dəfə bir bəhanə gətirərək problemi olduğu kimi saxlayırlar. Gah motor xarab olur, gah da limit olmur. Əslində bu məsələdə Goranboy Rayon Su Nümayəndəliyinin də günahı yoxdur. Çünki onları da aldadan Şəmkir Su Anbarı nümayəndələridir. Xüsusilə də anbarın rəhbəri Vaqif və sahə rəisi Füzuli”.
Şikayətçinin sözlərinə görə, baxmayaraq ki, su anbarına təzə nasoslar verilib, amma lazım olan su gəlmir: “Bizə dedilər ki, motorların təmiri gedir və ayın 25-ə kimi su veriləcək. Amma dedikləri sözə əməl etmədilər. İndi biz kənd camaatı da bu vəziyyətdən şikayətçiyik. Əgər suyu bir ay sonra versələr, onda daha bizim əkin sahələrinə lazım olmayacaq. Çünki hazırda 600 hektara yaxın əkin sahəsi susuzluqdan tələf olur”.
H.Şamilov bildirir ki, düz 6 aydır bu problem var: “Biz şikayət edəndən sonra cəmi 6 gün su gəldi. Həmin su ilə isə kənd camaatı əkinini tam olaraq suvara bilmədi. Sonra yenə su kəsildi. Əsl səbəb məlum deyil”.
Məsələ ilə bağlı Şəmkir Su Anbarının sahə rəisi Füzuli Rəsulov bildirib ki, kanala su ayın 27-də veriləcək: “Noyabrın 4-ü kanala su verilib. Düz 8 gün onlar su ilə təmin edilib. Anbar iki mühərriklə işləyib. Ayın 15-də mühərriklərdən biri, 18-i isə ikincisi xarab oldu. Texniki problemlərə görə suvarma dayandırılıb. Mən tez-tez kənd camaatı ilə danışıram. Onlara mövcud problemi də izah etmişəm. Artıq mühərriklərin təmiri başa çatıb. Ayın 27-si su vurulacaq. 15 gün onlara su veriləcək ki, əkin sahələrini suvarsınlar”.
Mövzunu diqqətdə saxlayacağıq.
E.ŞİRİNOV