Türkmənistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq niyyətindədir.

Respublikanın baş nazirinin müavini Sərdar Berdiməhəmmədovun imzaladığı  ərizə ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala ünvanlanıb.

ÜTT-nin müşahidəçiləri və üzv ölkələr Türkmənistanın bu müraciətinə Cenevrədə dörd ildən sonra ilk dəfə keçiriləcək 12-ci Nazirlər konfransında baxacaqlar. Konfrans 2021-ci il noyabrın 30-dan dekabrın 3-dək davam edəcək.

 Konfransın plenar iclasında Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Muxammetgəldi Sərdarov çıxış edəcək.

Xatırladaq ki, 2020-ci ilin iyul ayından Türkmənistan ÜTT-də müşahidəçi statusundadır.

Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişidir (GATT). Hazırda dünyanın 164 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 23 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Dünya ticarətinin 98%-dən çoxu ÜTT-yə üzv ölkələrin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.

 Xatırladaq ki,  Azərbaycan, Özbəkistan və Türkmənistan istisna olmaqla bütün MDB dövlətləri ÜTT üzvüdür. Qırğızıstan (1998-ci ildə) , Gürcüstan (2000-ci ildə), Moldova (2001-ci ildə)  və Ermənistan (2003-cü ildə) təşkilata ilk olaraq üzv olmuşlar. Ukrayna 2008-ci ildə üzv olub, Rusiya 2012-ci ildə, Tacikistan 2013-cü ildə və Qazaxıstan isə 2015-ci ildə üzv olmuşdur.  

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN