“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” əsasında iki ölkə müdafiə sənayesi sahəsində əməkdaşlıq edəcəklər.

 "TEZADLAR.AZ" xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivlərini şərh edib.

V.Qasımlı bildirib ki, Şuşa bəyannaməsinə əsasən Türkiyə və Azərbaycan müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsində bir-birinə kömək edəcəklər, eyni zamanda, istehsal texnologiyalarını paylaşaraq mövcud olmayan sənaye sahələrini yaradacaqlar: “44 günlük Vətən müharibəsində Azərbaycanın yerli hərbi sənayesinin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə bu sahənin ölkəmizin təhlükəsizliyi və iqtisadi inkişafı baxımından oynadığı rolu bir daha sübut etdi. Müdafiə Sənayesi Nazirliyin 25-ə qədər müəssisəsində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb, 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb, 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismar üçün müəssisələrə verilib. Amma dünya müdafiə sənayesi sürətlə yenilənir və rəqabət şiddətlənir. 5G texnologiyalarının tətbiqi, kiber, elektromaqnit və bio təhdidlər qarşısında müdafiə sənayesinin mahiyyəti dəyişir. Dünya silah bazarının ABŞ, Rusiya, Fransa, Almaniya, Britaniya və İsrail kimi iri oyunçularından silah-sursat idxalı ilə yanaşı, bir sıra ölkələr öz müdafiə sənayesini də inkişaf etdirirlər. Müdafiə sənayesində əsas üç trend var, bunlar: rəqəmsal transformasiya, yeni texnologiyaların təchizatı, həmçinin işçi qüvvəsinin bilik və bacarıqlarının yeni dövrlə ayaqlaşmaqda çətinlik çəkməsidir.”

V.Qasımlı qlobal trendləri nəzərə alaraq Azərbaycanın Türkiyə kimi müdafiə sənayesi inkişaf etmiş bir ölkə ilə əməkdaşlıq qurmasının əhəmiyyətini vurğulayıb: “İsrail intellektualı Yuval Noy Harari bildirir ki, 19-cu əsrdə Britaniya sənayeləşmədən sonra dünya hegemonluğuna başladı, 21-ci əsrdə də süni intellekt sahəsində önə keçən dövlət(lər) eyni ssenarini təkrarlayacaq. Hazırda süni intellekt yarışmasının önündə Çin və ABŞ gedir. Əgər süni intellektin gətirdiyi faydalar insanlar arasında bölünməsə, bəzi ölkələr yüksək texnologiyalı hablara, qalanları isə istismar olunan data-koloniyalara çevrilə bilərlər. Azərbaycan Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etməklə texnoloji inkişafını təmin edir, iş yerləri yaradır, idxalı azaltmaqla ixracı artırmaq və qlobal dəyər zəncirlərinə qoşulmaq imkanı qazanır. Azərbaycan və Türkiyənin müdafiə sənayesi qurumları texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq edəcəklər. Vətən müharibəsi də göstərdi ki, təkcə hərbi strategiya və taktika deyil, həm də texnologiyaya hakimlik zəfər üçün həlledicidir.”

 V.Qasımlının fikrincə, Türkiyə müdafiə sənayesi təkcə texnoloji deyil, həm də inkişaf özəllikləri, dövlət-özəl partnyorluğu, tədqiqat və işləmələrə ayrılan vəsait, kadr hazırlığı, həmçinin elm-təhsil-biznes üçbucağının səmərəli fəaliyyəti baxımından da Azərbaycan üçün cəlbedicidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN