Xidmət rəisi çağırış etdi.
Su hövzələrində balıqların istifadəsi qadağan olunmuş sintetik torlarla ovlanması cinayətdir. Qanunvericiliyə əsasən sənaye balıq ovu ilə məşğul olan subyektlərin kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və tək saplı torlarla balıq ovu ilə məşğul olması qadağandır.  TEZADLAR.AZ xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, aparılan maarifləndirmə və müvafiq cəza tədbirlərinə baxmayaraq ölkə ərazisində keçirilən reydlər, nəzarət tədbirləri zamanı balıqçılıq subyektləri, həmçinin brakonyerlər tərəfindən qadağan olunan sintetik torlardan kütləvi istifadə edilməsi halları aşkar olunur.

“Bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür, balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, onlar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır, uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir.

Qəti şəkildə bildiririk ki, onların istifadəsinə son qoyulmalıdır. Çox təəssüf ki, bu torlardan istifadə edənlərin bəziləri hətta kvota ilə balıq ovlayan hüquqi şəxslərdir”.

H.Əlizadə qeyd edib ki, ölkənin su hövzələrində keçirilən reydlər zamanı 2020-ci il ərzində 65 min metr, 2021-ci il ərzində isə 50 min metrdən çox sintetik tor yığılaraq zərərsizləşdirilib.

“Sintetik torların balıq ovu məqsədilə ölkəyə gətirilməsi və satılması qadağandır. Balıq ovu ilə məşğul olan bütün subyektlərin, həmçinin sintetik torları qanunsuz yolla əldə edən və satışı ilə məşğul olan ticarət obyektlərinin bir daha nəzərinə çatdırırıq ki, belə hallar aşkar olunduqda onlara qarşı cəza və sanksiyalar tətbiq olunacaq. Bu hallar qanuni kvota almış balıqçılıq subyektlərində, hüquqi şəxslərdə aşkarlanarsa, onların kvotası ləğv olunacaq və su hövzələrinə girişi qadağan ediləcək”.

Xidmət rəisinin sözlərinə görə, 2022-ci il ərzində də aidiyyəti qurumlarla birgə sintetik torların balıq ovu məqsədilə ölkəyə gətirilməsi və satılmasının qarşısının alınması sahəsində davamlı nəzarət tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN