Araşdırma zamanı məlum olub ki, düyü və qarabaşaq bazarında bazarında bir çox təsərrüfat subyektləri antiinhisar qanunvericiyilini pozublar.
Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir.
Araşdırma zamanı istehlak səbətinə daxil olan uzun düyü və qarabaşaq bazarında bir çox təsərrüfat subyektləri tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunub. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən “Babək” firması, “Vuqma-qida” MMC, “Abşeron Treyd” MMC, “Xudafərin-1“ MMC, “Elsaan Group” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC, “Best-Tarım” MMC, “Tamashee Foods” MMC, “Araz Supermarket” MMC, “Al market” MMC, “Sun Food” MMC, “OBA Market” MMC, “Bazarstore” MMC və fiziki şəxs Kərimov İlqar Məmmədhəsən oğluna qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
Xidmətin aşağıdakı bölmələri fəaliyyət göstərir:
Abşeron regional bölməsi, Gəncə-Qazax regional bölməsi, Şəki- Zaqatala regional bölməsi, Lənkəran regional bölməsi, Quba-Xaçmaz regional bölməsi, Aran regional bölməsi,, Dağlıq Şirvan regional bölməsi, Yuxarı Qarabağ regional bölməsi.
Y.MƏMMƏDLİ