Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi buğda və unun ixracı üçün kvotanın sentyabrın 30-dək uzadılması barədə qərar qəbul edib
Nazirlikdən bildirilib ki, Qazaxıstanın ərzaq təhlükəsizliyini təmin etmək üçün xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak üzrə Qurumlararası komissiya üçüncü ölkələrə və Aİİ ölkələrinə 550 min ton həcmində buğda və meslin (meslin- buğda və çovdar qarışığıdı - red) ixracı üçün məhdudlaşdırıcı tədbirlərin sentyabrın 30-dək uzadılması barədə qərar qəbul edib, üçüncü ölkələrə isə 370 min ton həcmində buğda və buğda-çovdar unu verilib.
"İyunun 15-dək Qazaxıstandan 1 milyon ton buğda və 300 min ton un ixracı üçün kvota var idi", - Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilib ki, qlobal iqtisadiyyat İkinci Dünya Müharibəsindən bəri ən pis vəziyyətdədir.
Belə ki, pandemiya, Ukraynadakı müharibə, iqlim dəyişikliyi təhlükəsi nəticəsində bütün dünyada inflyasiya artıb, ərzaq və enerji məhsulları bahalaşıb.
Təşkilat böhranın nəticələrinin ilk növbədə ən çox kredit almış ölkələrə və tədarük zəncirlərini yenidən qurmalı olacaq şirkətlərə təsir edəcəyini vurğulayıb.
Hesabatda deyilir ki, dünya iqtisadiyyatının vəziyyətini yaxşılaşdırmaq üçün ticarət məhdudiyyətləri zəiflədilməlidir, hansı ki, bunun da sayəsində qıtlıq azalacaq, ərzaq və digər malların qiymətləri aşağı düşəcək.
BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert, kənd təsərrüfatı analitik şirkəti Gro Intelligence-nin baş direktoru Sara Menker də ötən ay xəbərdarlıq etmişdi ki, Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyadakı anbarlarda cəmi 10 həftəlik buğda qalıb.
Bəli, indi bir çox ölkələr əhaliinin daxili təlabatı ödəməyə çalışır və əsas ərzaq məhsullarını, xüsusilə taxıl ixracına ya qadağa qoyur, ya da məhdudiyyət tətbiq edir. Düzdür, bu, müəyyən vaxt üçün nəzərdə tutulur, lakin vaxt uzadılır.
Həmin məhsulların ixrac qadağasına, yaxud kvotasına qoyulan qadağanın bitmə müddəti isə hələki məlum deyil...
Y.MƏMMƏDLİ