Ev satışı zamanı vergi ödəməliyəmmi, yaxud ərazinin ödəniləcək məbləğə təsiri varmı?..
Bu sualıın cavabı çoxlarını düşündürür.
Abşeronda ev satmaq istəyən vətəndaşın bu məzmunlu sualını Dövlət Vergi Xidməti cavablandırıb.
"Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.
Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi (Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla) -1,2 əmsal) ilə müəyyən olunur.
1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir.
Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.
Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır", - deyə açıqlanıb.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ