Türkiyənin Ştutqartdakı Baş Konsulluğunun rəsmi avtomobilinin yandırılmasından sonra Almaniyanın Türkiyədəki səfiri Jurgen Şuls Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə TRT xəbər yayıb.
Türkiyə XİN-də J.Şulsla iyulun 18-dən 19-na keçən gecə Türkiyənin Ştutqartdakı Baş Konsulluğun xidməti avtomobilinin yandırılması, yanğın və partlayış zamanı ətrafdakı digər maşınlara da ziyan dəydiyi barədə danışılıb.
Son aylar Almaniyada Türkiyə nümayəndəliklərinə qarşı müxtəlif hücumlara toxunularaq Jurgen Şulşa, Türkiyənin Ştutqart Baş Konsulluğuna hücumun səbəbkarlarının tez bir zamanda tutularaq məsuliyyətə cəlb edilməsi, diplomatik təcrübələrə uyğun olaraq dəymiş ziyanın ödənilməsi, Türkiyə nümayəndəlikləri və onların mənafelərinin beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş müdafiənin təmin edilməsi və Türkiyə üçün tam təhlükəsizliyin bərpa olunmasının gözlənildiyi xatırladılıb.
Qeyd edək ki, Türkiyənin Almaniyadakı səfiri Əhməd Başar Şen ötən gün bəyan edib ki, Almaniyada türkiyəlilərin gözləntisi ikili vətəndaşlığın qanuniləşdirilməsi və Almaniya vətəndaşlığının asanlaşdırılmasıdır.
Almaniya-Türkiyə Cəmiyyətinin (Almanya Türk Toplumu - TGD) Baş Assambleyasında çıxış edən Ə.B.Şen 25 ildən artıqdır Almaniyada türklərin haqq və mənafeləri üçün uğurla fəaliyyət göstərən TGD-ni təbrik edərək deyib: “Türkiyəlilər Almaniyada daimi qalacaqlarını qəbul edir. Almaniyadakı türkiyəlilər ikili vətəndaşlığın qanuniləşdirilməsini və Almaniya vətəndaşlığının asanlaşdırılmasını gözləyirlər. Almaniya vətəndaşlığı olmayanların da ən azı yerli seçkilərdə səsvermə hüququ əldə etmələrini gözləyirlər".
O, Türkiyə ilə Almaniya arasında tarixən çoxşaxəli köklü tərəfdaşlıq və ittifaqların mövcudluğuna, Almaniyada yaşayan təxminən 3,5 milyon türkiyəliyə əsaslanan humanitar əlaqələrin iki ölkə arasındakı münasibətlərin ən mühüm ölçülərindən biri olduğuna diqqət çəkib:
"Türkiyə ictimaiyyəti 60 ildən artıqdır ki, Almaniyanın inkişafına və multikultural kimliyinə böyük töhfələr verir. Bu gün Almaniyadakı türklərin siyasət, iqtisadiyyat, elm, idman, incəsənət kimi müxtəlif sahələrdə çox mühüm uğurlar əldə etdiyini görürük. Biz bununla fəxr edirik.
Almaniyada ksenofobiya, islamofobiya və ayrı-seçkilik kimi mühüm problemlər davam edir. Türkiyənin Almaniyadakı nümayəndələrinin hökumətin irqçiliyə qarşı gördüyü tədbirlərin effektiv şəkildə həyata keçirilməsini gözləyir", - deyə o, vurğulayıb.
Y.MƏMMƏDLİ