Korrupsiyaya görə ilk üçlükdə hüquq-mühafizə orqanlarının, mədəniyyət və təhsil əməkdaşları “liderlik” edib...
Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Şimkent şəhəri üzrə departamentində bir növ reytinq tərtib edilib.
Vəziyyətin təhlili göstərdi ki, ötən il qeydə alınan korrupsiya faktlarının demək olar ki, yarısı güc orqanlarının payına düşüb. Rəqəmlərlə desək, bu, 92 faktdan 41 faktdır. Əksər hallarda işə müraciət, xidmətdə himayədarlıq edərkən, sahibkarlara və şəhər sakinlərinə torpaq məsələlərinin həllində köməklik göstərərkən, dövlət qurumlarından hər cür icazə və razılıq alarkən rüşvət verilir, alınır və hətta zorla tələb olunur.
Qazaxıstan KİV-nin məlumatına görə, xüsusi təşkil olunmuş brifinqdə Şimkəndin Korrupsiyaya Qarşı Mübarizə xidməti rəisinin birinci müavini Jandos Jumabayev vurğulayıb ki, hazırda qurum bu prosesi mümkün qədər şəffaf etmək və mümkün boz sxemləri istisna etmək üçün torpaq sahələrinin sahibkarlıq fəaliyyəti üçün verilməsi zamanı yaranan korrupsiya risklərinin kənar təhlilini aparır.
Qeyd edilib ki, sahibkarların qarşısındakı maneələrin aradan qaldırılması üçün xüsusi mobil qrup işləyir.
Həmçinin mənzillərin keyfiyyətsizliyindən, bərbad yollardan, inhisarçıların “iştahından” qəzəblənən vətəndaşlardan da müraciətlər qəbul edilir. Bu cür müraciətlər şimkəndlilərin hüquqlarının qorunmasına və vəziyyətin yaxşılaşmasına kömək edib. Korrupsiyaya Qarşı Mübarizə Agentliyi (KQMA) ehtiyacı olanlara sosial ev kimi verilən yüzə yaxın mənzilin qaydaya salınması prosesini də nümunə kimi qeyd ediblər. Podratçı KQMA-nın müdaxiləsindən sonra bütün çatışmazlıqları düzəldib və buna 15 milyon tenge (təqribən 57034 AZN) xərcləyib. “Turan” mikrorayonunun sakinləri isə evlərə qaz təchizatı sistemini birləşdirərkən qaz qaynaqına görə hər bir təsərrüfatdan 20 min tenge (təqribən 76 AZN) məbləğində əlavə ödənişin ləğvinə nail olublar. Belə ki, idarə əməkdaşlarının müdaxiləsi minə yaxın istehlakçının probleminin həllinə kömək edib.
***
Xatırladaq ki, ötən il Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə üzrə 339 şəxs barəsində 240 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 285 şəxs barəsində 209 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.
Bu barədə Baş prokuror Kamran Əliyev 2022-ci ildə prokurorluq orqanları tərəfindən fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasındakı çıxışı zamanı bildirmişdir.
Qeyd edilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 74 milyon 763 min manat məbləğində maddi ziyandan 52 milyon 243 min manatın ödənilməsi təmin olunmuş, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 19 milyon 461 min manat məbləğində pul vəsaiti ödənilmişdir.
Transparency International təşkilatının 2020-ci ildə korrupsiyanı qavrama indeksi üzrə qlobal hesabatına əsasən, korrupsiya hallarının səviyyəsinə görə Qazaxıstan 113-cü yerdə, Azərbaycan isə 126-cı yerdə qərarlaşıb. Hesabat 180 ölkəni əhatə edib.
JASMİN