Gürcüstan Respublikasının Kutaisi şəhərində sürücülük vəsiqəsi imtahanından keçmək üçün dövlət məmuruna rüşvət təklif edən şəxs saxlanılıb.
TEZADLAR.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirlir ki, hadisə 17 mart tarixində Kutaisi şəhərində yerləşən Xidmət Agentliyinin binasında baş verib. Belə ki, vətəndaş sürücülük hüququ əldə etmək üçün praktiki imtahandan keçməsi üçün agentliyin əməkdaşına rüşvət təklif edib. Agentlik əməkdaşı qeyd olunan faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verib. Daxili İşlər Nazirliyinin əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Cinayət Məcəlləsinin 339-cu maddəsinin birinci hissəsi (vəzifəli şəxsə rüşvət vermə) ilə ittiham olunub ki, bu da 3 ilədək həbs cəzasını nəzərdə tutur.
Qeyd olunur ki, Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin tətbiqi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.