İyun ayının 18-də saat 02:10-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində
İran İslam Respublikasından Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Təzadlar"a bildirilib ki, keçirilən tədbirlər zamanı Beyləqan rayonunun Xələc kəndi yaxınlığında “Shevrolet” markalı, 77 PX 201 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb. Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin 1977-ci il təvəllüdlü İsmayıllı rayon sakini Hüseynov Qorxmaz Yaqub oğlu və 1995-ci il təvəllüdlü Binəqədi rayon sakini Rzayev Vəli İmdat oğlu olmaları müəyyən edilib. İyun ayının 18-də saat 11:30-da isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Sarxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində kolluq ərazidə 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Söhbət nədən gedir: on illərdir ki, müsəlman İranı müsəlman Azərbaycanı mollalarla "təchiz" edirdi, dinmədik, xristan Ermənistana qardaşlıq yardımı etdi-susduq, səbr etdik... Elə bu səbr də başımıza əngəl oldu. İran Azərbaycana həm də narkotik "ixracı"na başladı... İndi bilmirik İranın mollaxanaları ilə mübarizə aparaq, düşmənimiz Ermənistana iqtisadi-hərbi yardımından baş çıxaraq, yoxsa narkotiklərinin yuvasını dağıdaq... Hansı ki, bu narkotiklər odlu silahdan da dəhşətlidir. Azərbaycan polisi və sərhədçilərimiz asayişi qorumaq və düşmən təcavüzünün qarşısını almaq əvəzinə, İranın narkobaronlarına qarşı mübarizəyə başlayıb.
A.Məmmədli