Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini Zakir Nəsirlinin sərnişin kimi əyləşdiyi taksidə sürücü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Nəqliyyat vasitəsində olan sərnişin, yəni Zakir Nəsirlinin davranışları yol polislərində şübhə yaratdığından o, ərazi üzrə 21-ci Polis Bölməsinə aparılıb. Bölmədə onun üzərində axtarış aparılan zaman çəkisi 500 qrama yaxın olan heroin aşkar edilib.
Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı paytaxt ərazisində narkotiklərin satışını həyata keçirən İlqar Behbudov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən satış üçün qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, Zakir Nəsirli və İlqar Behbudov şəxsiyyəti istintaqla araşdırılan “Amil” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Zakir Nəsirli və İlqar Behbudov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.