«Təzadlar»a şikayət məktubu ilə müraciət edən Sumqayıt sakinin problemi görün hara gedib çıxır: nazir Vilayət Eyvazova müraciət olundu…

Aşağıda həmin şikayəti təqdim edirik

-Azərbaycan daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova!

Hörmətli cənab nazir!

Xahiş edirəm mənim problemimi öz mətbu orqanınızda işıqlandırıb ictimailəşdirəsiniz.

Belə ki, bu il yanvarın sonlarında mənə məxsus olan kartlarım çantamdan oğurlandı. Həmin zamanlarda “Gold Qayalı”da alış-veriş edərkən pulqabımı bir neçə dəqiqəliyə aldığım malları yığdığım arabaya qoymuşam. Pulqabında 3 kart olub, amma yalnız «Unibank»ın «Albalı» kartında pul olub və çox güman ki, katlarım elə orada oğurlanıb, çünki itsəydi 3 kart birdən itməzdi. Alış-verişi nağd etdiyimdən onların  götürülməsindən bir müddət sonra, bankdan mənə ödəniş etməli olmağım haqda bildiriş gələndə  xəbər tutmuşam. Sonradan 3 gün ərzində -fevralın 3-4- dək kartımda olan 514 manat məbləğində pulun hamısı Sumqayıtda “Zeytun” aptekdən “Qayalı, “Bravo”, "Cövhər" marketdən alver edilərək xərclənib. Mən qarşılaşdığım hadisə ilə bağlı rəsmi surətdə polisə şikayət etdim və mənə dedilər “Məsələ araşdırılır, zəng edəcəyik”. 3 gün sonra Sumqayıtın 3-cü polis bölməsinə çağırdılar və mənə kartımdan “Qayalı” marketdə alış-veriş edən kişi və qadının kamera görüntülərini göstərdilər, amma mən onları tanımadığımı bildirdim. Polis bölməsində dedilər ki, 2 gündən sonra zəng edəcəyik. Sonra mənim məsələmlə bağlı heç bir yenilik olmadığından yenə 102-yə zəng etdim və yenə polis bölməsinə çağırdlar, dedilər 1 həftəyə zəng edəcəklər. Zəng etmişəm Bakı şəhər Baş Polis şöbəsinə, ordan da deyiblər gözlə zəng edəcəyik. Bax beləcə artıq 5 aydır ki, mənim məsələm həll olunmur. 3-cü bölmədə mənə dedilər ki, “oğurlanan kartdan axırıcı dəfə Sumqayıt dəmiryol vağzalındakı “Bravo” Supermarketdə alış-veriş edilib və ora da Sumqayıt polis şöbəsinə aid olmadığına görə sizin işi veriblər Bakıya”.

 Sumqayıtda digər bölmədə Səadət adlı polis məndən yenə izahat aldı və dedi ki, “narahat olmayın, həmin adamlar kameraya düşüb, şəkilləri çəkilib, nömrə də var, kim olmaları müəyyən olunub, işə Bakı polisində baxacaqlar”. Sonra dedilər işə Kamil müəllim baxır. Zəng elədim ona, o da dedi ki, işi başqa adama vermişik. «Unibank» da məni məhkəməyə verib, tez-tez zəng edərək  pulunu tələb edir. Borcumun üstünə faiz gəlib, 514 manat artıq 574 olub. Borc da günü-gündən artır, mənim onu ödəməyə imkanım yoxdur. Əgər mənim kartımı oğurlayıb pulu xərcləyən tapılıbsa mən niyə ödəməliyəm 570 manatı?! Kartımdan istifadə edən, oğurluq edən müəyyən edilərək tapılıb, hansı mağazalardan alver edib, hamısı kameraya düşüb, polisdə iş açılıb, kartımdan pulu xərcləyən həmin adamla danışılıb da, amma polisə mənim işimə baxılsa da nəticə yoxdur. Dəfələrlə Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə zəng edib müraciət etmişəm ki, mənim işimə baxılsın, amma xeyri yoxdur. Niyə hər şey bəlli ola-ola mənim işim qapalı qalsın, tədbir görülməsin?!

Sonda yenidən mətbuat vasitəsilə cənab daxili işlər naziri Vilayət Eyvazova müraciət edirəm. Hörmətli nazir, mənim işimə baxılması üçün tapşırıq vermənizi sizdən xahiş edirəm!

Hörmətlə: Rzayeva Zöhrə İbrahim qızı,

Sumqayıt şəhər sakini».

Redaksiyadan: məsələ tərəfimizdən araşdırılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

«Təzadlar»

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN