Türklərin FETÖ şəbəkəsi ilə əlaqədə olmaqda ittiham etdiyi alim-iqtisadçı Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Rəsmi məlumata görə, Qasımov alim-iqtisadçı Qubad İbadoğlunun cinayət işi üzrə saxlanılıb. Azərbaycanın hüquq-mühafizə orqanları Qasımovun saxlanmasını təsdiqləsələr də, hansı işlə bağlı olduğunu dəqiqləşdirmirlər. “Cinayət işi üzrə axtarışa verilmiş Fazil Qasımov Daxili İşlər Nazirliyi tərəfindən tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib”, - deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qasımovun qardaşı Nazim Qasımov "Turan" bildirib ki, onu yaşadığı evdən aparıblar. “Onun hansı səbəbdən saxlanılması barədə heç bir məlumat verilməyib. Sosial şəbəkələrdən öyrəndik ki, Fazil Bakıya gətirilib.

Lakin saxlanma səbəbi ailəmizə izah olunmayıb və biz onun haqqında dövlət strukturlarından məlumat ala bilmirik”, - deyə Nazim Qasımov bildirib. Onun sözlərinə görə, Fazil Qasımov Qafqaz Universitetini bitirib (universitetin fəaliyyəti 2017-ci il yanvarın 16-da dayandırılıb), daha sonra Türkiyədə təhsilini davam etdirərək İstanbul Universitetində doktoranturı bitirib. “Bildiyimə görə, o, Mübariz Mənsimovun şirkətində işləyib”, - deyə Nazim Qasımov davam edib.

“Fazil prezident təqaüdçüsü idi, vətənini, dövlətini çox sevir”, – deyə qardaşı bildirib. Öz növbəsində Qubad İbadoğlunun vəkili Bəhruz Bayramov qeyd edib ki, indiyədək Azərbaycanda FETÖ (Prezident Ərdoğanın şəxsi düşməni olan vaiz Fətullah Gülənə məxsus təhsil müəssisələri şəbəkəsi - red.) ilə əlaqəyə görə heç kim məsuliyyətə cəlb edilməyib. “Azərbaycanın Cinayət Məcəlləsində FETÖ-yə üzv olmağa görə cəza nəzərdə tutan maddə yoxdur. Ölkə parlamenti də FETÖ-nü terror təşkilatı kimi tanımayıb. Ona görə də FETÖ ilə əlaqəsi olsa belə, heç kim məsuliyyət daşıya bilməz”, - deyə vəkil bildirib.

O, İbadoğlu işində Fazil Qasımov adlı şəxsin təqsirləndirilməsi ilə bağlı heç nə bilmədiyini deyib. Bir qədər əvvəl Daxili İşlər Nazirliyi İbadoğlunun FETÖ ilə əlaqəsi olduğu üçün həbs edilən Anar Əliyevin ifadəsi əsasında saxlanıldığını bildirib. İyulun 23-də İbadoğlunun saxlanması ilə eyni vaxtda Azərbaycanın iqtidaryönlü mediasında Türkiyənin iqtidaryönlü “Yeni Şafak” qəzetinə istinadən FETÖ ilə əlaqəsi olan 4 nəfərin, o cümlədən Anar Əliyevin da Bakıda saxlanması ilə bağlı xəbərlər yayılıb. O cümlədən bildirilirdi ki, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən biri Doyruş Cəfərov, təşkilatın maliyyə işlərinə məsul olan Qumrax Abduraxmanov, “Yurd” Mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati məsələlərə cavabdeh olan Anar Əliyev saxlanılıb. “Müəyyən edilib ki, Cəfərov, Əbdürəhmanov və Əliyev uzun müddətdir ki, FETÖ-nün Azərbaycandakı təhsil mərkəzlərində öz ideyalarını təbliğ ediblər və gəncləri təşkilata cəlb etmək üçün addımlar atıblar”, - deyə Azərbaycanın iqtidaryönlü mətbuatı yazırdı. Ertəsi gün məlum olub ki, hər üç şəxs həbs edilib və onlar da İbadoğlu kimi Azərbaycan Cinayət Məcəlləsinin saxta pul hazırlama, əldə etmə və ya satma (204.3.1-ci) maddəsi ilə ittiham olunublar. Həbsdə olan Ruslan Əliyev Bakı Mühəndislik Universitetinin (Qafqaz Universitetinin bazasında yaradılıb) müəllimidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN