Elektron ticarət sahəsi dünyada sərhəd tanımır... Amma "Təzadlar"a daxil olan şikayətlərdən bəlli olur ki, bəzən bu ticarətlə məşğul olan şirkətlər Azərbaycan istehlakçılarının yumşaq üzünü yaxşı tanıyır... Bu dəfə "Trendyol"dan danışmalı olduq. İstehlakçı Səməd Məlikzadə də şikayətçidir. Yazır: "...Mən ölüm, gizlətməyin, düzünü deyin: "Trendyol" sizə də "nömrə" gəlir? Gəlmir? Bəs mənə qarşı niyə belə hərəkət edir? Yoxsa, "üstümü unlu görüb, məni dəyirmançı bilir". Nə olsun kənddə yaşayıram, nə olsun pullu, vəzifəli deyiləm... Dostlarım bilir ki, lovğalıq olmasın, mən təbii dəridən olan dəbli ayaqqabıları sevirəm və həmişə zövqümə uyğun olanı geyinməyə çalışıram... Nə isə. Bir aya yaxın olar "Trendyol Azərbaycan"a xoşuma gələn bir "krasovka" sifariş verdim. 75 manata yaxın pul ödədim. Bəlkə ilk dəfəydi, ya nəydi, bezdim sənədləşmə işindən. Elə bil məni xarici kəşfiyyata işə götürürdülər- o sənədi doldur, özün haqda videosüjet göndər və s. Axır məlumat verdilər ki, gəl malını apar. Gedib götürdüm. Evdə açıb gördüm ki, "krasovka"nın burun hissələri kleylənməyib. Sizcə, bu, müştəriyə hörmətsizlik, yaxud "nömrə" gəlmək deyil? PS. İlk dəfədir ki, mən "Trendyol"dan mal alırdım...".
Bəli, müştəriyə bir dəfə kələk gəlmək olar, amma onun bədəli ağır olur. Çünki həmin müştəri bu barədə şikayətlərini ictimailəşdirəndə vəziyyət "rusca" olur...
A.Məmmədli