Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin may ayının əvvəlindən keçirdikləri əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb.
Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən 10 kiloqram müxtəlif növ narkotik vasitə çıxarılıb. Saxlanılanlardan Vüqar Dadaşlı, Tehran İsmayılov və Əhməd Aslanov paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.
Saxlanılanlar barəsində cinayət işləri başlanılıb.
Tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron və 1 ədəd daraq aşkarlanıb.
Əməliyyatlar zamanı talama cinayətləri törətdiyinə görə 5, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər tutulub.
Nərimanov rayonu ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində də silsilə tədbirlər görülüb. Nəticədə soyuq silah hesab olunan alətlərin satışı ilə məşğul olan 2 nəfər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
Onlardan 62 ədəd xəsarət yetirmə təyinatlı alətlər götürülüb.
***
Nizami Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları isə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Azər Əliyevin üzərindən və idarə etdiyi avtomobildən 5 kiloqram marixuana, heroin, metamfetamin və 45 ədəd çətənə kolu aşkarlanıb.
Həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Həsənov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən satmaq niyyəti ilə əldə etdiyi 5 kiloqram marixuana aşkar olunub.
A.Əliyev və V.Həsənov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları əcnəbi ölkə vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imişlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
R.XUDATQIZI