Bu restoranda süni qiymət artımına, qiymət hoqqabazlığına yol vermək adi hal alıb...
...Bəli, Rusiyanın Ukraynada işğalçı müharibəsi, Bakıda isə bəzi sahibkarların qiymət müharibəsi-baş sındırması gedir... Niyə? Nə baş verir axı?! Hazırda dünyada gedən proseslər, siyasi məsələlərlə yanaşı iqtisadiyyata da ciddi təsirini göstərir. Bu aydındır. Rusiya-Ukrayna müharibəsi ölkəyə idxal olunan bir çox məhsulların qiymətinin müəyyən qədər artmasına səbəb olur. Ancaq maraqlıdır ki, daxildə yetişdirilən ət və müxtəlif ərzaq məhsulları da süni qiymət artımına məruz qalır. Bu isə sırf bəzi işbazların özbaşınalığının nəticəsidir. Elə ona görə də Prezident İlham Əliyev 2022-ci ilin birinci rübün yekunlarına dair bu günlərdə keçirdiyi müşavirədə süni qiymət artımını nəzərdə tutaraq demişdir: “Antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir”.
Prezident İlham Əliyevin çox yerində vurğuladığı bu sözlər hər bir sahibkar üçün gündəlik iş prinsipinə çevrilməlidir. Yəni, süni qiymət artımı ilə əhalini imtahana çəkmək, dövlətdən narazı salmaq olmaz. Amma təəssüf ki, Prezidentin bu çağırışı bəzi sahibkarları qətiyyən narahat etmir. Necə deyərlər, “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə tikinti materiallarından tutmuş, yemək və geyim mallarına qədər bir çox məhsullara istədikləri qiyməti yapışdırırlar. Ən çox tələb olunan ərzaqların qiyməti isə, əhalini daha çox narahat edir.
***
Bakının şadlıq evləri və restoranları qiymət artımında kosmik rəqəmlər icad ediblər. Təsəvvür edin, əvvəllər 22, 25, 30 manat olan bir nəfərlik yerin qiyməti, indi ən aşağısı 70, 80 manatdan başlayır ta 150-200 manatadək. Heç kəs də sual vermir ki, axı bir insan2-3 saata 70, 80, 200 manatlıq ərzaq məhsulları yeyə bilərmi? Bu səbəbdən də bir şox nişanlı gənclər ailə qurmaq üçün toy edə bilmirlər. Bu isə əhalinin demoqrafiq göstəricisinə mənfi təsir edir.
“ATLANTİS” restoranında süni qiymət artımına, qiymət hoqqabazlığına yol vermək adi hal alıb...
İndi isə süni qiymət artımına və Prezidentin göstərişinin əleyhinə gedən bir restoranı konkret olaraq göstərmək istəyirəm. Bu günlərdə 35 ildən çoxdur Moskvada yaşayan və son 8 ildə Azərbaycana gəlməyə imkanı olmayan bir dostumuz nəhayət, vətənə gəldi. Onunla görüşüb, hal-əhval tutaraq bir tikə çörək yemək istədik. 3 nəfər idik. Aprelin 21-də axşam saat 18:30 radələrində “20 yanvar” metrostansiyasının yaxınlığında (dairənin tini, metronun çıxışı) olan “Atlantis” restoranına üz tutduq. Bizi kabinetlərin birinə dəvət etdilər. Əvvəlcə çay, sonra isə yeməklər sifariş etdik.
Onu da qeyd edim ki, bir çox restoran və kafelərdə masanın üstünə qoyulan “menyu” burada yox idi. Bilmirəm indi yeməklərin siyahısını vermək nə dərəcədə düzgündür, hər halda qəbzin şəkilini dərc etməyi məqsədəuyğun sayıram. Bu zaman bizdə yaranan təəccüb dolu sual istənilən oxucuda da yarana bilər ki, 106 manata üç nəfər nə yeyə bilər? Hesabı isə qəbzsiz-filansız tələb edəndə isə, gördük ki, bu soyğunçuluğun kuliminasiya nöqtəsidir. İki şiş tikə kababını 14 manata hesablayıblar. Axı hamı bilir ki, Bakı və bakıətrafı qəsəbələrdə quzu ətinin 1 kiloqramı 12-13 manatdır. 3 nəfər 1 kilo quzu əti yeməmişdik axı. Bu hələ harasıdır. Qonağın yanında əməlli-başlı biabır olduq. Xidmətçi Röyaldan administratoru soruşduq. Bildirdi ki, adı Elmandır və indi onu bizim xahişimizlə yanımıza dəvət edəcək. Yarım saatdan çox gözləsək də, Elman deyilən şəxs yanımıza gəlmədi. Əvəzində Natiq adlı şəxs gəldi və qeyd etdi ki, Elmanın vaxtı yoxdur, mən də administratoram, nə sözünüz varsa, dinləyə bilərəm. Mən qəbzi Natiq bəyə göstərib sual etdim ki, nəyə görə buranı işlədən sahibkar Prezidentin göstərişlərinə əməl etməyərək, bu qədər süni qiymət artımına yol verir? Axı 106 manatlıq ərzağı üç nəfər necə yeyə bilər? Natiq deyilən administrator bu suala cavab verə bilmədi. Bizim yediyimiz yemək və salatların, içkilərin ümumi dəyəri 50- 60 manatdan yuxarı ola bilməzdi. 60 manatdan yuxarı 70-80 manat belə cox idi. Bunlar isə 106 manat və yanında hələ bir 15 qəpiyi də var idi.
***
Elə səhəri günü yenə də ətin qiyməti ilə maraqlandım. “Təzadlar”ın əməkdaşı A.Məmmədli Bərdə-Ağdam-Ağcəbədi rayonlarına ezamiyyətdən təzə qayıtmışdı. Onun sözlərindən məlum oldu ki, həmin bölgələrdə dana ətinin qiyməti 8-9 manat, quzu ətinin qiyməti isə 10-11 manatdır. Bir kilo quzu ətindən orta hesabla 5 şiş kabab çıxar. Özü də restoranlardan fərqli olaraq, bir şişə üç tikə yox, hardasa 5-6 tikə taxmaqla hesablayırıq. Üç tikədən hesablasaq, onda bir kilodan bəlkə də 10 şiş kabab çıxar. Amma normalda bir kiloqram əti bir şişə 5 tikədən nəzərə alaq. Bu da “Atlantis” restoranının qiyməti ilə, yəni bir şişi 7 manatdan hesablayanda, quzu ətinin bir kiloqramı 35 manata gəlib çıxır. Təəccüblü deyilmi? Özü də kababa yağ, soğan və digər ədviyyalar qatılmır. Bu isə onu göstərir ki, “Atlantis” restoranını işlədən sahibkar düşünülmüş şəkildə süni qiymət artımına yol verir. Əgər rayonlarda ətin qiyməti qalxmayıbsa, bəs onda bu qiymət artımı nə deməkdir?
Mən inanıram ki, “Atlantis” restoranında vergi belə artırılmış qiymətlərlə yox, aşağı qiymətlərlə ödənilir. Dövlət vergi xidmətinin rəisi hörmətli Orxan Nəzərli bu sahəyə diqqət ayırsa, nə qədər vergidən yayınma halları üzə çıxacaq. O cümlədən İqtisadiyyat Nazirliyinin nəzdində olan İstehlakçıların Hüquqlarının Müdafiə Komitəsi də bu məsələyə xüsusi diqqət göstərməlidir. Ümumiyyətlə, bu restoranda bütün yeməklərin qiyməti digər restoranlara nisbətən xeyli bahadır. Yəqin ki, bura bir dəfə gələn ikinci dəfə öldürsən də gəlməz. Buna isə, yalnız təəssüf etmək qalır.
Yuxarıda adı çəkilən səlahiyyətli qrumların rəsmiləri bütün restoranlarla yanaşı “20 yanvar” dairəsində, “Qələbə” meydanı istiqamətinə gedən yolda, yəni Həsən bəy Zərdabi küçəsinin başlanğıcında yerləşən “Atlantis” restoranındakı yeməklərin qiymətlərinin niyə cib yandırdığı, həmçinin sahibkarların niyə prezidentin göstərişinin əleyhinə gedərək belə süni qiymət artımına yol vermələri ilə maraqlanacaqlar. Sual isə birdir: istehlak qiymətlərində sərbəslik o deməkdirmi ki, sahibkar (sahibi məmurdur) ağlına gələn qiyməti müəyyən etməlidir? Axı ölkənin orta yaşam səviyyəsi mütləq nəzərə alınmalıdır...
Mövzunu diqqətdə saxlayacağıq.
Elçin Məmmədli