Cinayətə səbəb yersiz hərəkət və qısqanclıq olub…
Novxanıda gecə saatlarında istirahətə gələn qonaqlar arasında bıçaqlanma hadisəsi qeydə alınıb. Verilən məlumata görə, hadisəyə səbəb qısqanclıq olub. Belə ki, bir masada oturmuş Həmid Abdulov və Ramiz Yarəliyev digər masada Sədulla Sərdari və Namid Əliyevin süfrəsində əyləşmiş xanıma qarşı etdikləri xoşagəlməz hərəkətləri ilə qarşı tərəfin sərt reaksiyasına qəzəbinə tuş gəliblər. Sonuncular Həmid Abdulovu və Ramiz Yarəliyevi bıçaqlayaraq onlara ağır dərəcəli bədən xəsarətləri yetiriblər. Cinayətdə şübhəli bilinən Sədulla Sərdari və Namid Əliyev tutularaq istintaqa cəlb olunublar.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi açılıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.
İstintaq tədbirləri davam edir.
Göründüyü kimi, gənclərin yersiz hərəkətləri sonda ağır cinayət hadisəsinə səbəb olur. Təmkin nümayiş etdirə bilməmək və ictimai yerlərdə özünü düzgün aparmamağın hüquqi nəticəsi ağır olur.
Sevinc MURADXANLI