Müstəntiq adam öldürməyənin əlinə bıçağı necə “vermək” istəyib?

(Əvvəli II yazıda)

Beləliklə, cinayət işi hakim Zeynal Ağayev tərəfindən prokurorluğa qaytarılıb. İşin istintaqı həvalə edilib Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, yaxın dostum Mehdi Mirzəyevə.  Ona da tapşırıblar ki, göstər gücünü gör Əhədin əlinə bıçaq verə bilərsənmi.

Mehdi Mirzəyev 19.07.2019-cu ildə əlavə kompleks məhkəmə tibbi-kriminalistik və trasoloji ekspertiza təyin etmişdir ki, Əhədin əlinə bıçaq versin. Ekspertiza qarşısında belə sual qoyulmuşdur: Sual 2. Ekspertizaya təqdim edilən köynəklərin üzərindəki zədələr eyni, yaxud müxətlif bıçaqlarla yetirilmişdir?

 Sualdan görünür ki, Mehdi Mirzəyev, Mirzə Cəlil demişkən, addax-buddax sual qoyub. Sual qoymalı idi ki, həm Rasifin, həm də Samirin köynəklərində aşkar olunan zədələr eyni bıçaqlamı yetirilmişdir? Həmin sualın da cavabını ekspert Günel Tağıyeva 03 oktyabr 2018-ci il tarixli rəyində cavab verib ki, hər iki köynəkdəki zədə eyni bıçaqla və ya eyni konstruktiv xüsusiyyətli bıçaqla yetirilib. Bu o deməkdir ki, bıçaq bütün ölçülərinə görə eynidir. Komisiyon ekspertizada iş stajı daha çox, təcrübəsi daha çox olan ekspert Ayaz Namazov da iştirak etmişdir, o da eyni markalı MBS-2 tipli mikroskopla işləmişdir. Ekspert Ayaz Namazov da Rasifin köynəyində olan zədəni 5 sm-ə çatdıra bilməzdi. Yazıb ki, zədənin uzunluğu 2 sm-dir. Başqa hərəkət etməyib.

Beləliklə, müstəntiq Mehdi Mirzəyev ekspertizanın vasitəsilə Əhədin əlinə tiyəsi 5 sm enində bıçaq verə bilməyib. Nəticədə Rasifin köynəyinin kəsiyinin uzunluğu 2 sm qalıb, yaralarının kəsiyinin uzunluğu isə 5 sm.

Mehdi Mirzəyev qərara alıb ki, işin istintaqından imtina edən, Əhədin haqsız tutulduğunu təsdiq edən böyük müstəntiq Nadirov Faiq İnqilab oğlunu da dindirsin. 02.09.2019-cu ildə Faiq Nadirovu Baş Prokurorluqda dindirib. Faiq Nadirov ifadəsində göstərib ki, “...mən prokurorun göstərişi ilə Əhədə 17.09.2018-də CM-nin 126.3-cü maddəsi ilə ittiham verdim və məhkəmə onu həbs etdi. Oktyabrın 10-a qədər apardığım istintaq hərəkətlərindən mənə məlum oldu ki, Əhədin həmin cinayətdə hər hansı formada iştirakı yoxdur”.

Mehdi Mirzəyev isə 16.09.2019-cu il tarixdə Əhəd və oğlu barəsində Zeynal Ağayevin göstərdiyi ömürlük azadlıqdan məhrum etmək maddələri ilə ittiham aktı tərtib edib sabiq Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubova imzaladaraq yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Amma hər halda Əhədin əlinə kəsici hissəsinin eni 5 sm olan mətbəx bıçağı verərək hakim Zeynal Ağayevi arzusuna çatdırmışdır.

Belə ki, ittiham aktında yazıb ki, “İsmayılov Əhəd Muxtar oğlu AR Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 29Ş 120.2.7-ci maddələri ilə ona görə təqsirli bilinir ki, hadisə zamanı özündə olan və istintaqla əldə edilməsi mümkün olmayan bıçağın təxminən 5 sm enə malik kəsici-deşici tiyəsi ilə Rasif Həbibovu 5 dəfə vuraraq onu qəsdən öldürmüşdür”.

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılması hakim Əli Məmmədova həvalə edilmişdir. Məhkəmə prosesi 30 sentyabr 2018-ci ildə başlayaraq, 08 oktyabr 2021-ci ilə qədər davam etmişdir. 2 ilə yaxın davam edən məhkəmə prosesində Əhədi təqsirləndirən heç bir yeni sübut da səslənməmişdir. Zərərçəkən Samir Dadaşzadə təsdiq etmişdir ki, Əhədin əlində bıçaq görməmişəm. Böyük müstəntiq Faiq Nadirov ifadə verib ki, Əhədin həmin cinayətdə əli yoxdur, onu nahaq tutmuşam... Onda mən məhkəmə qarşısında vəsatət qaldırmışam ki, mərhum Rasif Həbibovu Sumqayıt şəhər TTYX-də ilk qəbul edən və yaralarını qeyd edən həkimi, onun meyitini müayinə edən məhkəmə tibbi ekspert Faiq Məmmədovu, köynəklərin kəsiklərini tədqiq edən ekspertlər Günel Tağıyevanı, Ayaz Namazovu məhkəməyə dəvət edək dindirək və aydındaşdıraq ki, bir halda yazırsınız ki, hər iki köynəkdə olan kəsik izləri 1,9-2 sm uzunluğundadır, belə olan halda mümkündürmü ki, Rasifin köynəyini 1,9 sm uzunluğunda kəsən bıçaq onun döş qəfəsində, qarnında, qılçında, qolunda 5 sm uzunluğunda kəsik yaratsın?

 Məhkəmə kollegiyası bu vəsatəti təmin etməyərək nə həkimi, nə də ekspertləri dindirməyi əsaslı hesab etmədi. Amma hakim Zeynal Ağayevi pərt edən hökm çıxdı. 08.10.2021-ci il tarixli hökmlə Əhədin və oğlu Ramilin əməlini CM-nin 126.3-cü maddəsinə tövsif edərək Əhədə 9 il azadlıqdan məhrum etmə, Ramilə isə 10 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edildi. Bu yüngülvari ədaləti hakim Əli Məmmədov ona görə göstərdi ki, əvvəlcə vəkil olmuş, vəkillikdə axtardığı və tapmadığı ədaləti öz hökmü ilə cücərtmişdir. Amma Əhədə bəraət verməyə cürət etməmişdir.

***

İndi hərəniz bir cib dəsmalı, lap yaxşı ağlamaq istəyən əl-üz dəsmalı götürün mən məhkəmələrə ağı deyim ağlaşaq: niyə məhkəmə Əhədə bəraət vermədi və indi də vermək istəmirlər? Çünki məhkəmələr qorxur. Məhkəmələr prokurorluqdan qorxur. Prokurorluq məhkəmənin başına ip salıb hərləyir. O prokurorluq ki, onun xüsusilə eeey, lap xüsusilə mühüm, vacib cinayət işlərini istintaq edən müstəntiqi yazır ki, Əhədin əlində təxminən kəsici hissənin eni 5 sm olan bıçaq olub. O prokurorluq ki, Əhədin taleyini təxmini həll edib. O prokurorluq ki, məhkəməni yedəyində hərləyir. Azərbaycanın məhkəmələri olub Yedək Məhkəmələri.

 İndi iş gəlib çatıb bu yerə ki, mən hökmdən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm ki, Əhədin təqsiri yoxdur, ona bəraət verin. Baş Prokurorluq da apellyasiya protesti verib ki, hökmü dəyişdirin Əhədlə oğlu Ramilə ömürlük cəza verin. Prokurorluq belə yazır ki, ata-bala onların əməllərini CM-nin 120.2.1, 120.2.2, 29, 120.2.7 maddələrinə tövsif edin və həmin maddənin sanksiyasının yuxarı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edin. Həmin maddələrin də yuxarı həddi ömürlük cəzadır.

 Mən yenə də Sumqayıt Apellyasiya  Məhkəməsində vəsatət qaldırmışam ki, həkimləri və ekspertləri dindirək, bu ziddiyyəti aydınlaşdıraq. Hətta təsərrüfat malları mağazasından 14 manata kəsici hissənin eni 4,4 sm olan mətbəx bıçağı almışam. Tiyəsinin eni 5 sm olan bıçaq tapmadım. Tiyəsinin eni 4,4 sm olan mətbəx bıçağının ümumi uzunluğu 34 sm-dir. Kəsici hissəsi, yəni ağzının uzunluğu 20,2 sm, dəstəyinin uzunluğu 13,8 sm-dir. 20 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsində hakimlər Elman Əhmədova, Elman Rəhimova, Məhəmmədəli Rzayevə və prokurora 34 sm uzunluğunda mətbəx bıçağını təqdim etmişəm. Məsələ qaldırmışam ki, 34 sm uzunluğunda olan bu mətbəx bıçağını 04.09.2018-ci ilin yayın istisində şalvar və qısaqol köynək geyən adam harasına soxa bilər ki, bunu görən olmasın... Necə ola bilər ki, Dadaşzadə Samir bu uzunluqda həngaməni Əhədin əlində görməsin?! Belə danışan kimi hakimlərin başı yerə dikilir... Yenə xahiş etdim ki, həkimləri də gətirək, ekspertləri də çağıraraq, görək bu bıçaq nə əcəb Rasifin köynəyini özü endə kəsməyib?! Başlar gedir yenə yerə... Hannan-hana qalxır ki, ehtiyac yoxdur, məhkəmə istintaqı tamamlanır, keçirik çıxışlara. Məhkəmə 11 mayda davam edəcək. İndi 11 may 2022-ci ildə saat 12:00-da Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılacaq nə qədər ki, məhkəmələr prokurorluğun yedəyindədir, başlar gedəcək yerə və ən yaxşı halda hökm dəyişdirilməyəcək, Əhəd yenidən 5 il də yatacaq.

Nəticədə Yedək Məhkəmələrinin bu əməlindən 4 istiqamətə ziyanlıq dəyəcək. Birinci Əhəd İsmayılov dövlətindən, cəmiyyətdən, hakimiyyətdən narazı qalacaq. İkincisi, mənim vəkillik fəaliyyətim, peşəkarlığım, biliyim, qabiliyyətim hörmətdən düşəcək. İnsanlarımızın vəkilliyin gücünə inamı azalacaq. Üçüncüsü, qanunun aliliyi, insan haqları tapdanacaq. Dördüncüsü və ən dəhşətlisi odur ki, Rasifin anası Reyhan xanım, atası Asif, qardaşı Vasif əbədi olaraq yaddaşlarında saxlayacaqlar ki, Rasifi Əhəd öldürüb və bu düşmənçilik qiyamətə qədər gedəcək. Hansı ki, məhkəmələr işi ədalətlə araşdırıb ədalətli hökm çıxarmaqla onları inandıra bilərdi, onlara bir könül, ruh rahatlığı verə bilərdi ki, Rasifi Əhəd öldürməyib. Bu onlara böyük təsəlli olardı və barış yolu qoyardı.

***

İndi gəlin düşünək, danışaq görək niyə məhkəmələr prokurorluğun yedəyindədir? Niyə məhkəmələr cəsarətsizləşib, niyə məhkəmələr insanlarımızın haqqını özünə verə bilmir? Niyə məhkəmələr bəraət verməkdən qorxur? Vicdanı olan, vəkilliyinə hörmət gətirən, vəkillik institutunun hörmətini qaldırmaq istəyən vəkillərimiz məhkəmələrdə insanların haqqı yolunda çarpışaraq yana-yana çıxış edəndə hakimlər başını aşağı dikir, ya qələmi yerə düşür, qurcuxma tutur, əyilib qələm axtarırlar.

Bizə məlumdur ki, hakimlərin əksəriyyəti artıq rüşvət almır və ya almaqdan qorxur. Ali Məhkəmədə demək olar ki, şəffaflıq, qanunçuluq, obyektivlik bərqərar olub və olmaqda davam edir. Başda hörmətli Ədliyyə Nazirimiz olmaqla Məhkəmə Hüquq Şurası fəaliyyətini fəallaşdırıb. Bəs kimdir ölkədə məhkəmə sistemini hörmətdən salmaq, çökdürmək istəyən? Niyə hakimlərin başı aşağı olmalıdır?

Niyə hakimlər ittihamı nahaqdan, haqsız, savadsız müdafiə edənlərin sifətinə dik və cəsarətlə baxa bilmir? Etiraf etmək lazımdır ki, prokurorluqda da rüşvət almaq halları yoxdur. Amma istintaq da yoxdur, istintaqa nəzarət də yoxdur. Cinayət işləri oxunmur, sübutlar qiymətləndirilmir, təhlil edilmir, müqayisə edilmir, ittiham üçün kifayət etməsinə fikir verilmir.

Peşəkarlığın artırılmasına xidmət edən tədbirlər həyata keçirilmir, islahatlar aparılmır. Kadrların yerini dəyişmək islahat deyil!

Müstəntiqlər, prokurorlar peşəkarlığını artırmır. Kompyuter, flyaşka bunları kütləşdirib, yaradıcılıq yoxdur. Hadisə barədə ilkin təhqiqat materialını kim toplayırsa o işin taleyi elə də gedir. Onun flyaşkasının məzmunu sonda məhkəmənin hökmündə də oturur. Bu böyük faciədir, ölkədə hüquq sisteminin çökməsidir. Neçə-neçə Əhədlərin qanunsuz məhkum olunmasına aparan yoldur.

İkram İnad, vəkil-publisist  

Hazırladı: A.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN