Bu gün bir məlumat yayılmışdı...
Bildirilirdi ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının Qubada keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Cəfər Tarverdiyev və Bakı şəhər sakini Nəzrin Hüseynova saxlanılıblar.
Onlardan külli miqdarda heroin, “patı”... aşkar edilərək götürülüb.
***
...Və mən o gənc qızın şəklini görüb təəccübləndim - onun qollarında, sinəsində, çiynində.... nəzərçarpacaq iri döymələr vardı.
Həm də üzüldüm, kədərləndim... Geniş açılmış bəbəklərindən qorxu, kədər, sahibsizlik.... yağırdı.
Mat qaldım... Görəsən, valideyni, tərbiyə verəni, sahib çıxanı, arayıb-axtaranı, kimi-kimsəsi varmı, yoxsa?...
Yanındakı “peşə yoldaşından” isə bəlli idi kimin ona sahib çıxdığı, hansı yola sürükləndiyi... Çünki sahibsiz qalanda belələri sahib çıxırlar...
Düşünürəm ki, bəlkə də heç bu yolun başlanğıcında bilmirdi sonu bu cür bitəcək. Arxayın idi "sahibinə".
Özümə sual edirəm: Hər gün özü yaşda gəncləri zəhərləməklə, onların da gələcəyini məhv etməklə məşğul idimi bu qızcığaz? Kimin köləsidi, kimin əmrlərini yerinə yetirib, necə olub ki, bu yolun yolçusu olub?
...İndi barəsində həbs qətimkan tədbiri seçilib. Ola bilsin ki, ilk dəfədir dəmir barmaqlıqlar arxasına düşür. Bu onun üçün son olacaqmı, daha sonra sahib çıxan tapılacaqmı? Suallar çox idi...
***
...Çox təəssüf ki, narkotik vasitələrin, daşıyıcısına, alverçisinə, istifadəçisinə və onların qurbanına çevrilən qadınların sayı ilbəil artır.
Bəzən gənc qızların bu yola düşmələrinə ailələrinin diqqətsizliyi, məsuliyyətsizliyi, kiçik yaşlarından nəzarətsiz buraxılmaları da səbəb olur.
Müasirlik, dəb adı altlnda, hətta məktəbli qızların elə saç rəngini, qaşlarını, geyim tərzlərini görürsən ki, onların necə tərbiyə olunduqlarını təxmin etmək çətin olmur.
Təəssüf ki, bəzən elə bu cür sərbəstliyə göz yumulması, hətta anaların buna şərait yaratması onların böyüyəndə rahatlıqla siqaretdən də, narkotik vasitələrdən də istifadə etmələrinə, cinayətkar qruplara, insanlara qoşulmalarına, əxlaqsız yola düşmələrinə rəvac verir. Və belələrinin sayı artdıqca, həm öz həyatlarını məhv edirlər, həm də digərlərinə pis örnək olurlar...
***
İndi növbəti qurban Nəzrindir. Zamanında bəlkə də dəcəl olan, söz eşitməyən, ola bilsin ki, ailə diqqətsizliyinin, ehtiyacın, özbaşınalığın qurbanı olan Nəzrin.
Valideynləri, yaxınları varmı, yoxmu bilmirəm...Neçə ay, neçə il sonra “içəridən” hansı düşüncə ilə, planla çıxacağını, islah olunub, olunmayacağını da bilmirəm. Amma Nəzrinin o barmaqlıqlar arxasından çıxanda ona düz yol göstərən ailəyə, dəstək verməli olan qurumların, QHT-lərin yardımına ehtiyacı olacaq. Əslində, elə indi də ehtiyacı var. Bu, reallığı dəyişə bilməsə də...
P.S. Övladlarınızdan imtina etməyin. Onlara sahib çıxın. Sahib çıxın ki, nəzrinlərin sayı artmasın.
JASMİN