...Qoçaq xanımdır, hərəkətsiz qalmağı xoşlamır. Uğur qazanmaqdan zövq alır. Bir uğura nail oldusa, növbəti uğuru hədəf seçib, yenidən mübarizəyə atılır. Bacarıqlı və istedadlı olduğundan özünə çox güvənir... Deyir ki,- “Universiteti bitirdikdən sonra mətbuatda jurnalist fəaliyyətinə başladım. Təxminən 5 il qəzetdə işlədim. Orada işlədiyim müddətdə rəfiqələrimdən biri mənə xəbər verdi ki, ANS ÇM radiosunda elan veriblər, vakant yerlərə işçi axtarırlar. Dedi ki, “bəlkə sən də özünü sınayasan?” Özümü sınamaq istədim və sənədlərimi verdim. Üstündən bir neçə gün keçdikdən sonra, “Xəbərçi” proqramının o vaxtkı aparıcısı Rüstəm Əbülfətoğlu mənə zəng vurub dedi ki, “sizi ANS-də gözləyirik.” ANS-dən müsbət cavab aldığıma görə xeyli sevindim. İşim çox olmasına baxmayaraq, getdim. Televiziya jurnalistikası qəzet jurnalistikasından fərqli olduğundan məni yoxlamaq üçün material işləməyimi tapşırdılar.
İlk materialıma baxıb bəyəndilər. Dedilər ki, bu materialın redaktəyə ehtiyacı yoxdur. Və işə götürüldüm. ANS-in praktikasına görə, burada işə götürülənlər bir müddət təcrübə keçməlidirlər. Məni isə birbaşa redaktor assitenti kimi təsdiqlədilər. İlkin olaraq “İç xəbər”də işlədim. Bir müddət sonra Orxan Fikrətoğlunun “Xəbərdar” verilişində həm müxbir, həm də prodüsser kimi çalışdım. Bu verilişdə işləyə-işləyə “Xəbərçi”də fəaliyyətə başladım. Eyni vaxtda hər iki verilişə materiallar verirdim...”
Haqqında söhbət açdığım Afət Telmanqızı Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini Bakıda, İlqar Əbülhəsənov adına 42 saylı məktəbdə alıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.
Ali məktəbdə oxuduğu illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub. Sonra "Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS Tv- də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru işləyib. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlmini ərsəyə gətirib. Sonralar bir neçə fìlmlərin- "Hazırcavab oğlan", " Qaraçılar", " Dünyanın qan damarı", " Zamanın yarası" və ümumilikdə 50-dən çox sənədli filmin müəllifì olub. 1 ay ABŞ-da təcrübə keçib. Bir neçə xarici ölkəyə ezam olunaraq, reportajlar hazırlayıb.
ANS Tv fəaliyyətini dayandırdıqdan sonra Space Tv-də Xəbərlər Departamentinin baş redaktoru vəzifəsində çalışıb. Real Tv-də şef redaktor və “Real İntervyu” verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u MM-ə keçirilən seçkilərdə iştirak edib. Həmin hadisədən sonra Real Tv-dən ayrılıb. Və 2020-ci il 28 may tarixindən həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF Tv-ni təsis ediblər.
2019-cu il 6 noyabr tarixində Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə Prezidentin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb...
Savadlı, əzmkar və zəhmətkeş insandır. Yorulmadan çalışır. Yaxşı rəfiqədir, son dərəcə sadiqdir və sirr saxlamağı bacarır. Hissləri daim açıq şəkildə olsa da çox xarizmatikdir. Hücuma keçməyə hər an hazırdır. Xəyanəti bağışlamır, intiqam almağa meyillidir. Buna rəğmən, soyuqanlı və səbirlidir. Gördüyü hər bir işi çox yüksək dəqiqliklə həyata keçirir. Hədəfə necə çatacağını yaxşı bilir, qarşısına çıxan bütün maneələri asanlıqla dəf edir. Bədxahlarının oyunlarını, planlarını və strategiyalarını pozmaq onun üçün su içmək kimi asandır.
Deyir ki,- “Mən Bakıda doğulmuşam, Bakıda böyümüşəm, təhsilimi burada almışam. Amma köküm Zəngilan rayonundandır. Atamın vəsiyyətilə onu orada dəfn ediblər. Efirdə dağıdılmış qəbirləri görəndə gecələr narahat yatıram. Bəzən yuxumda o yerlərə gedib qəbirlərin dağıdılmadığını görürəm. Həmin gün özümü yaxşı hiss edirəm. Bilsəm ki, ömrümə bir gün qalıb, yenə də gedib atamın qəbrini görmək istəyirəm. Atamın məzarını ziyarət etsəm, cavan ölsəm də elə bilərəm 100 il yaşadım. Bayramlarda, ya da narahatlıq keçirəndə ürəklərini doğmalarının məzarı başında boşaldanlar qəlbən rahatlıq tapırlar. Mənimsə əlim atamın məzarına hələ də çatmır...
Şükür Allaha, anam var, yaxşı yoldaşım, qızım var. Amma atanın yeri başqadır. Ata nisgili çəkəndə toxtaxlıq tapmaq üçün məzarına gedib, onunla danışmağı arzulayıram. Atamı çox tez itirmişəm, 8-ci sinifdə oxuyanda. Yeganə təsəllim odur ki, nə vaxtsa o qəbri ziyarət edəcəm...”
Həyat yoldaşı onu efirdə görüb bəyənib. Elə ilk görüşdə də anlayıb ki, əsl xəyallarındakı ağ atlı olandır- savadlı, diqqətli, mədəni və işgüzar...
Jurnalist, həyat yoldaşı və ana olmağın çətinliklərini dilə gətirir. “Hər üçünün öhdəsindən eyni dərəcədə gəlmək deməzdim ki, asandır. Boynuma alıram ki, çətindir. Çətin olsa da, işlərimi paralel şəkildə aparmağı bacarıram. Amma deyəsən, ana kimi özümü elə də doğrultmuram. Uşaqlar mənə olan ehtiyacını özləri hiss etdirir. Bu şeyləri görəndə hərdən çox pis oluram...”
Ciddi şəxsdir. Özü yalançı olmadığı üçün yalan danışan saxtakar insanları ifşa etməkdə olduqca bacarıqlıdır. Yalanı çox tez hiss edir. İnsanların baxışlarından içini oxuya bilir. Həyatına, ailəsinə, işlərinə müdaxilə edən insan həddindən artıq böyük reaksiya ilə qarşılaşa bilər. Onun sevgisini və ya qəzəbini gözlərindən anlamaq mümkündür. İkiüzlü və özündənrazı adamlara nifrət edir. Onun üçün “ya həmişə”, ya da “heç zaman” anlamı daha önəmlidir. O, inanmadığı hansısa ideya və ya amalın ardınca heç zaman getməz, yalnız inanclarının arxasıyla yol tutmağı sevir...
Cəsarətli xanımdır, haqsızlığa göz yuma bilmir. Həqiqəti, nöqsanları söyləməyi bacarır...
Deyir ki,- “Real Tv-də çalışanda Ləmanla mənim qarşımızda şərt qoyuldu. Sosial şəbəkədə yazdıqlarımızı silməli, ya da işdən çıxmalıydıq. Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq. Bu, həm də jurnalist kimi bizim borcumuzdur...”
Bəli, Afət xanım bu gün tamaşaçılara ölkədə, dünyada baş verən hadisələrdən operativ, obyektiv məlumatlar ötürən LAF Tv-nin həmtəsisçisidir. Ləman xanımla birgə insanları maarifləndirmək işilə məşğuldurlar. İstedadı, peşəkarlığı ona həmigə güc verib. Ölkədə ən yaxşı jurnalistlərdən biri kimi tanınır. Arzuları çoxdur, istəyir ki, Ləman Ələşrəfqızı ilə birlikdə yeni yaratdıqları LAF Tv-ni böyüdüb, rəngarəng verilişlərilə zəngin televiziya kanalına çevirsinlər. İnanıram ki, o gün gələcək...
Elman Eldaroğlu
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN