Azərbaycan Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Qurultayda məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub. 

Müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident!

 Sizi Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları adından salamlamaqdan məmnunluq duyuruq.

 Azərbaycan jurnalistikası xalqımızın çoxəsrlik adət-ənənələrinin yaşadılmasında, müstəqillik ideyasının təşəkkülündə fəal rol oynamış, tarixi missiya yerinə yetirmişdir. Əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatımızın ideya platforması insanlarımızı müqəddəs amallar uğrunda mübarizəyə səsləmiş, həmrəyliyimizin dövlətçilik təfəkkürü ilə vəhdətini təmin etmişdir. Müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyev çıxışlarında, media təmsilçiləri ilə görüşlərində, imzaladığı dövlət sənədlərində mətbuatımızın bu missiyasını, milli şüurun oyanışına, milli özünüdərk proseslərinə töhfəsini yüksək qiymətləndirmişdir. O, jurnalistikanı dövlət idarəçiliyində mühüm ictimai institut olaraq görmüş, bu yanaşmanı idarəçilik modelinə, demokratik, dünyavi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevirmişdir.

 Möhtərəm cənab Prezident, Siz Ümummilli liderin uzaqgörənliklə müəyyənləşdirdiyi kursa sadiq qalaraq, onun jurnalistika ilə bağlı baxışlarındakı ideoloji xəttə davamlılıq qazandırmısınız. Bu xətt jurnalist peşəkarlığının yüksəldilməsindən tutmuş media orqanlarının maddi-texniki bazasının, kütləvi informasiya vasitələri əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılmasınadək bir çox vacib məqamları özündə birləşdirmişdir. Rəhbərliyiniz altında reallaşdırılmaqda olan çoxşaxəli islahatlar proqramı jurnalistikanı da əhatə edir. Gözləntimiz və arzumuz budur ki, Qafqaz coğrafiyasında xüsusi çəkiyə malik media orqanlarımız dünyanın nüfuzlu kütləvi informasiya vasitələri ilə rəqabət mühitinə hazır olsunlar.

 Cənab Prezident, 44 günlük Vətən Müharibəsi dövründə dünyanın qlobal media orqanlarına müsahibələrinizdəki fikirlər düşmənlə apardığımız informasiya savaşının əsas konturlarını təşkil etdi. Bu savaşdan qalib ayrılmaqdan, torpaqlarımızın düşmən tapdağından qurtulmasına şahidlikdən, zəfər təntənəsini yaşamaqdan böyük xoşbəxtlik ola bilməzdi.

 Onu da bildiririk ki, dünyada baş verən qlobal proseslər fonunda milli maraq və mənafelərimizin qorunmasındakı prinsipiallıq və qətiyyətiniz Azərbaycan jurnalistlərinin ən mühün yaradıcılıq mövzusudur. Bu istiqamətdə materiallar hazırlamaq, təhlillər aparmaq peşə zövqümüzdür. Bizi güclü edən, qürurlandıran bu fəalliyyətin Vətənimiz naminə olduğuna dərin əminliyimizdir.

 Möhtərəm cənab Prezident, Azərbaycan jurnalistlərinin VIII qurultayı kütləvi informasiya vasitələrimizin qarşısında ali vəzifələr müəyyənləşdirməkdədir. Biz Sizin şəxsinizdə Azərbaycan dövlətinin media siyasətinin zəngin mahiyyətinə güvənərək dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsi naminə bütün vəzifələrin icrasına hazır olduğumuzu bəyan edirik.

 Sizə Vətənimizin çiçəklənməsinə yönələn müqəddəs fəaliyyətinizdə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq.


Uca Tanrı yar və yardımçınız olsun!"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN