Hər gün minlərlə turistin görmək istədiyi İlisu şəlaləsinə niyə turistləri hələ də Sovetdən qalmış “NİVA”larda və at- eşşək belində daşıyırlar?

…Turizm yeganə sektordur ki, tükənməz qazanc mənbəyidir. Onda həm istirahət edən vətəndaşlarımız , həm də dövlətimiz qazanır. Vətəndaş  sağlam ruh və dinclik qazanır, dövlətimiz isə pul! Ölkəmizin turizm sektorundakı bu qazancın ünvanına getməyi qərarlaşdırdıq. Gördüklərimiz isə qanqaraldan idi!

***

…Qaxın gözəlliyi dillər əzbəri olan İlisu kəndində ilk dəfə 16 il əvvəl olmuşdum (Amma deyim ki, İlisu artıq nəinki qəsəbə status qazanıb, hətta mini şəhər adına iddialı görünür. Çünki son illərin gözəl tikiləri, hotel və villalar… göz oxşayır). Redaksiyanın bir neçə əməkdaşı ilə Türk dünyasının ustad şairi Bəxtiyar Vahabzadəni ad günü münasibətilə təbrik etmək üçün Şəkidəki evində ziyarət etmişdik. Sonra şair bizə Şəkinin, ardınca Qaxın qədimliyini əks etdirən məbədlərini göstərmişdi, tarixi məkanlara birgə baş çəkmişdik. Şair o vaxt İlisudakı məşhur Füzuli bağını da bizə göstərmişdi. Qovaq ağaclarının baş-başa verdiyi bu bağın salınma tarixini dəqiq deyən olmasa da, görmüşdük ki, bu meşəlik adı çəkilən bağa xüsusi sərinlik verir. Ona görə də İlisuya gələnlər istirahətini bu bağda keçirməyə üstünlük verirlər. Amma bir məsələ var ki, bu cür sərin havası, gözəl yaşıllığı olan bağa gələn qonaqları yalnız kabab yeyib-içmək təklifi qarşılayır. Mən 16 il əvvəlki mənzərəni deyirəm. Və təəssüflər olsun, bir neçə il əvvəl də İlisuda olanda da dəyişməz  qaydanın şahidi olmuşdum… Bu ilin iyulin 20-də burada olanda da eyni dəyişməz ab-havanı, yəni turistlərə təklif edilən xidmət qaydasızlığını  gördüm…

 Niyə Respublika  Turizm Agentliyi turistlərin axın etdiyi belə məkanlarla işləmir?

 …Deyim ki, Bakıdan çıxıb respublikanın hansı bir dağlıq-meşəlik ərazisini istirahət ünvanı seçirsənsə, hər yerdə oxşar mənzərə ilə qarşılaşırsan: adını ailəvi istirahət mərkəzi qoyanlar bu obyektlərdə ailəvilikdən başqa hər şeyə meydan verib: hara düşərgə salmaq istəyirsən, dana basdırması, lülə-tikə təklifindən başqa menyu yoxdur! Əyləncə məsələsinə isə sonar toxunacayam. Bu barədə danışmağa dəyməz. Axı hamı istirahəti qarın doldurmaqda görmür. Yemək də lazımdır, amma ürək istəyən istirahət üçün kabab yemək yetərli deyil. Turistlərin arasında körpə də olur, uşaq da gənc də, ahıl da, qadın-qız da… Bəs onların könül istəyən istirahətinə nə deyək? Biz də bu dəfə ölkənin turizm imkanları ilə real mənzərənin nə yerdə olduğunu görmək arzusu ilə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Oğuz-Şəki-Qax marşrutunu seçdik.

 Yollarımıza söz ola bilməz, ta Oğuzdan Şəkiyədək asfalt salınması üçün hazırlanmış 40 km-lik hissəsini çıxmaq şərtilə. Yolun bu hissəsini birdəfəyə dağıdıb-təküb sürücülərə bu qədər yolu 10, 20 km-saat  sürətini və tozu cəza kimi yaşatmaq da insafdan deyil. Nabələd olub bu yolu bir də təkrar getmək istəməyənlər məcbur olub alternativ yol düşünməlidir. Halbuki yolu hər 10 km-dən bir hissəvi asfaltlamaq olardı. Nə isə. Keçək mətləbə: Bakıdan Şəkiyə və Qaxadək olan yol boyu hər yerdə Tanrının Azərbaycan xalqına bəxş etdiyi meşəlik ərazilər “Ailəvi istirahət mərkəzi” adı altında kababxanalar meydanıdır. Olsun, kabab da lazımdır, amma bu məkanlar adına uyğun ailəvi olanda yerinə düşür. Ən yaxın qonşumuz Gürcüstanda da olmuşuq, olursunuz. Niyə ayağı yer tutan Gürcüstana, Türkiyəyə… gedir? Çünki qiymətlər cibə uyğun olur və hər bir obyektdə həm də gerçəkdən ailəvi istirahət mərkəzi ilə qarşılaşırsan.

Biz də isə belədir: Şamaxıdan başlayaraq, ta sonuncu ünvanımız Qaxın İlisu kəndinədək, yolun sağı-solu kababxanalardır. Ailəvi istirahət üçün yeganə məşğuliyyət, əvvəl dedim, kabab yeməkdir! Musiqi sədası isə yox kimidir. Vəssalam.

***

 Beləcə, Qaxın İlisu kəndinə çatırıq. Ustad Bəxtiyar Vahabzadəni yad edib çatırıq Füzuli bağına.  Bəri başdan deyim ki, məqsədimiz hər şeyə tənqidi yanaşmaq da deyil. Yaxşı onsuz da yaxşıdır. Amma biz problemli tərəflərə diqqəti yönəltmək istəyirik ki, ölkəmizin daxili turizmi inkişaflı olsun, nöqsanlı olmasın, əhalimiz qonşu ölkələrə qaçmasın.

Budur, Füzuli bağına girişdə hər bir avtomobilin dayanması üçün 1 manat alırlar. Alsınlar. Amma günün altında, toz-torpağın, daş-kəsəyin üstündə özünə yer tap, kimsə gəlsin ki, pul ver. Bu da insafdan deyil. Şərait yaradıb pul alarlar, pul alıb aradan yox olmaq düzgün iş deyil… Bəlkə Füzuli bağında alınan pullar bəs eləmir? Dayanacağı adına uyğun düzəltmək və pulsuz etmək olar. Nümunə: Türkiyə, Gürcüstan… Hətta deyim ki, bəzən bu tip restoranlarda verilən 50-100 manat hesab deyil, o 1 manat adama həqarətli və acıqlı gəlir! Və maraqlıdır ki, Respublikanın Turizm Agentliyi bu cür xırda, amma sonda rəy yaradan incəliklərə girişmir.

 

“Füzuli İstirahət Mərkəzi”ndə 16 ildir dəyişməyən qaydasızlıq…

 İnanmıram ki, ölkəmizin daxili turizminin ilbəil inkişaf etməsindən həvəslə danışıb hesabat verən məmurlarımız İlisuda və Füzuli bağında olmasınlar. Bəs niyə buradakı nözsanlı məsələləri görmürlər? Başlayaq bağa daxil olma qaydalarından. Yalan olmasın, gündə minlərlə turisti-qonağı qarşılayıb yola salan “Ailəvi İstirahət Mərkəzi”ndə ailəvilikdən başqa nə desən var: lülə, tikə, basdırma! Vəssalam. 16 il əvvəl gördüyüm dəyişməz mənzərədir. Buranı himayə edən şəxsin doğrudanmı ağlına gəlmir ki, axı bura gələn qonaq təkcə yeməyə gəlmir, ailəsi ilə gəlir ki, ailəvi istirahət etsin.

***

Nə isə, qovaq meşəliyindəki kələ-kötür, daşlı ərazilərdə çoxsaylı masalar var. Bu masalardan birini gözaltı edib düşərgə salırıq. Dərhal bir cavan oğlan bizə yaxınlaşır:

-Özünüzlə ərzaq gətirmisiniz?

- Yox…

-Burda masalar yalnız bizim yeməyi yeyənlər üçündür…

-Yaxşı, onda əvvəlcə çay gətirin, sonra…

Sözümüzü bitirməmiş əsəbi halda dillənir:

-Bizdə çay verilmir…

-Bəs nə verilir?

-Kabablar…

-İlisuyun məşhur “Sülhülü” adlı yeməyi var…

-Yox, “klent” çoxdur, onu hazırlamağa vaxt yoxdur. Ancaq kabablar…

-Yaxşı, 2 tikə, 3 üç lülə…

-Yox, bununla alınmır.

-Niyə?

-Əlavə “zakaz” verilməlidir.

-Anlamadıq, siz məbləğə işləyirsiniz? Ən azı nə qədər məbləğə sifariş olmalıdır?

Susur…

-Yaxşı, pomidor, xiyar…

Yox, bu da azdır. “Xolodnı” sifarişi 10 manatdan yuxarı olmalıdır…

Əcəb yerdə axşamladıq… Sonra başlayır menyudakıları sadalyıb sırımağa. Məlum olur ki, hər bir masa üçün sifariş minimum 30-40 manat olmalıdır.

-Yaxşı, yaz: şor, ayran…

Bu qaydasızlıq bizi qane etmir. Narazı qalıb deyinən, baş götürüb gedən qonaqların da giley-güzarını ümumiləşdirib buranın başbiləni ilə görüşmək, qonaqlara edilən bu sayğısızlığa  aydınlıq gətirmək istəyirik. Xidmətçi özü də bu qaydasızlıqdan bezibmiş kimi, “Siz iradlarınızı Çingiz müəllimə deyin…”.

Çingiz adlı müəllimi elə 16 il əvvəl gördüyüm səliqəsiz kababxananın tüstü-dumanında tapırıq. Ən azı xidmətçilərinin pandemiya qaydalarına əməlsizliyini və menyu qaydasızlığının nə qədər yersiz olduğunu, qonaqların baş götürüb getdiyini və s. onun diqqətinə çatdırırıq. Deyəsən, ilk dəfədir qayda-qanunların izahını eşidir deyə, sakit halda üzümüzə baxır… Və göz-qaş ilə xidmətçi oğlana işarə vurur. “Narahat olmayın, sifarişiniz yerinə yetiriləcək…”, -deyə mənə izah verir. Yəni, xidmət göstərən oğlana başa salır ki, bunları yola ver.

Düşünürəm, axı, hər bir qonaq-turist bu adamlara qayda-qanunları, menyu yersizliyini başa salmalıdır ki, yola verilsinlər???

Yeri gəlmişkən, söhbətin bu yerində Çingiz adlı “müdir” bayıra çıxıb qanıqara halda geri qayıdır. Soruşuram ki, nə baş verib? Deyir, heç, polislərdir, pandemiya ilə bağlı gəliblər…

-Cərimə yazdılar?-

-Yox, cərimə elədilər, amma yazmadılar… Gəlirlər də… Hər gün. Hələ başqaları da var… Həkim, nə bilim kim…

-Düz edirlər, orda hamı ağız-ağızadır, özünüz menyularınızda qaydalara əməl etmirsiniz, amma sizdən qayda tələb edənə etiraz edirsiniz…

Mənalı-mənalı üzümə baxıb masalardan gələn pulların sayılıb çantaya  yığılması ilə məşğul olmağa başlayır, təkrarən “Narahat olmayın, sizing  sifariş qısa vaxtda həll ediləcək”, -deyib aidiyyəti üzrə tapşırıq verir.

 Təsəvvür edin, ən azı 10 hektarlıq ərazidə iri qaya parçalarına, daş-kəsəyə meydan olan bağda ailəvi istirahət üçün heç bir şərait yoxdur. Odur ki, əylənməyə məşğuliyyət tapmayan kiçik yaşlı uşaqların ağlaşmasından qulaq tutulurdu. Halbuki kiçik bir xərclə uşaq oyun meydançası düzəltmək olar. Görünür, buranı himayə edəni kabab satıb pul qazanmaq düşündürür. Amma pul çox məsələni həll etsə də, hər şeyi həll etmir. Bu səbəbdən menyu qaydasızlığına boyun əyməyən yüzlərlə turist ya kənar bir guşəyə çəkilib 10 manat müqabilində özünə ayrıca qulağı dinc düşərgə tapır, ya da baş götürüb başqa yerlərə gedir.

 

İlisu şəlaləsinə gedən narahat və keçilməz yollar…

 

Füzuli bağının girişində qələbəlikdir. Turist-qonaqlar həm də İlisu şəlaləsinə getmək üçün növbəyə düzülüb. Hündürlüyü təxminən 30-40 metr olan şəlalənin gözəl mənzərəsi var. Di gəl ki, bəzi işbazlar bu gözəlliyə baş çəkib yadigar şəkil çəkdirmək istəyən turistlərə əzab verməyi qanuniləşdiriblər. Belə ki, burada Sovetdən qalma köhnə “NİVA”lar və arıq-uruq atlar dağlı yollarda turistləri 1 kim məsafədəki şəlaləyə aparıb-gətirən yeganə nəqliyyat vasitəsidir. Adambaşı 2 manata başa gələn bu səfər cəmi 10 dəqiqəlikdir. Yəni, turisti aparan “NİVA” və ya at səni orada 10 dəqiqə gözləyə bilər, çünki geri qaytarmalıdır. Bu hesabla hər gün 500-600 adam şəlalə ilə təmasda olub xatirə tarixçəsini bir az da zənginləşdirə bilir. Halbuki həmin 1 km-lik yol asfaltlanarsa, ora hər gün minlərlə turist gedə bilər. Bəs niyə uzun illərdir ora yol çəkmək mümkünsüz olub? Səbəbini aradım, problemi sorğuladım. At sürən Həsən adlı oğlan dedi ki, “Füzuli İstirahət mərkəzi”nin sahibi buna imkan verərmi? “Hamı onda bura yox, şəlaləyə gedib orda istirahət edəcək, çörəyini orda yeyəcək…”.

Ağlabatan izahdır, məntiqlidir. Azərbaycanın pullarını xaricə daşıyıb orada obyektlər tikən sabiq məmurlarımız niyə anamız Azərbaycana pul yatırtmaq istəmir? Adam da anasının qayğısından kənar gəzər? Yad ölkələrə yatırım edənlərə səslənirik: İlisu şəlaləsini hər gün yüzlərlə (qış turizmi üçün də ən əlveriçli məkandır) turist ziyarət edir. Ora yol çəkmək, yatmaq, istirahət etmək üçün otellər tikmək olar, əyləncə meydanları salmaq olar. İrəli durun!

 Eləcə də Qax rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyev! Heç ayağınız bu sərin, göz oxşayan məkana dəyməyib? İnanmıram ki, dəyməsin. Bəs bu boyda gəlir mənbəyinə niyə göz yumursunuz? Prezident İlham Əliyevin Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı çağırışı var. Bəlkə xəbəriniz yoxdur?! Yoxdursa, çox pis!

***

Sonda: Azərbaycanın turizm sektoruna cavabdehlərədir sözümüz: buyurun, vəzifə səlahiyyətlərinizə istinadla bölgələrimizdəki bu potensial imkanların tək himayəçilərə qazanc mənbəyi olmasına susub göz yummayın! Bu milli sərvətlər xalqın və millətin, dövlətin də maraq çərçivəsində olmalıdır. Turiz sektoru isə yeganə tükənməz qazanc mənbəyidir! İmkan verin Dövlətimiz pul, əhalimiz isə istirahət qazansın!

Asif MƏRZİIİ

Bakı-Qax-Bakı

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyəsi ilə hazırlanıb. İstiqamət: 6.3.11).

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN