Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bir daha bu əminliyi ifadə etdi ki,  gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar   

Dövlət başçısı İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” fikirləri keçilən yolun təhlili fonunda özünün aydın ifadəsini tapır.  Təbii  ki, bu fikirlərin təsdiqi bugünədək aparılan siyasət, atılan addımlar, o cümlədən 2020-ci il  sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması oldu. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, gələcəyə böyük inamı nəticəsində yazılan Zəfər tarixi qalib Azərbaycanın qarşısında yeni imkanlar açdı. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi.

Prezident  İlham Əliyev  dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məqama xüsusi diqqət yönəltdi: “İşğal dövründə hətta bir çox hallarda məndə də artıq belə bir fikir formalaşmışdı ki, dünyada ədalət yoxdur. Əminəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu fikrə şərik idi. Çünki bu dərəcədə ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni  haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm  hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur.”

Azərbaycan zəngin tarixə malik olan ölkə kimi tanınır və nüfuz qazanır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan görüşdə  tariximizin  şanlı səhifələri ilə yanaşı, qara səhifələrinin də olduğunu nəzərə alaraq bu çağırışı etdi ki,  biz  tariximizin qara səhifələrini  unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır. Cənab  İlham Əliyev hələ 2011-ci ildə AMEA-nın illik ümumi yığıncağında Azərbaycanın ayrı-ayrı sahələrində qazanılan uğurlardan, tarixçilərimizin fəaliyyətindən geniş bəhs edərək bu çağırışı etmişdi ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir.  

İrəvan Ermənistana paytaxt kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik, xalqımıza qarşı növbəti cinayət idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə görüşlərinin keçirilməsi ilə bütün türk dünyasının birləşdirilməsinə səy göstərilir.  Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıb. Bu baxımdan cənab İlham Əliyev həmin yığıncaqdakı çıxışında  bildirmişdir ki,  bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır. Dövlət başçısı İlham Əliyev eyni çağırışla Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə bildirdi: “Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik.”

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, çoxəsrlik tariximizin ayrı-ayrı mərhələlərinin müqayisəli təhlili əsasında reallıqların təbliğində öz sözünü dedi.

Məlum olduğu kimi, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşü ziyalılarla olmuşdur. Ümummilli Lider ziyalıların qarşısında bu mühüm vəzifəni qoymuşdur - Tarixin saxtalaşdırılmasına göz yummamalı, tarixi faktlarla bu saxtalaşdırmanın qarşısını almalı. “Tarix heç nəyi silmir” söyləyən Ulu Öndər tarixi araşdırmaların daha da genişləndirilməsini, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılmasını ən vacib məsələ kimi önə çəkmişdir. Dövlətimizin başçısı İlham Əliyev 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş  yığıncaqda  bildirmişdir ki, biz öz tariximizi,  reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: «Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.”

Azərbaycan xalqının yaşadığı faciələrdən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki,   Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşdi. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl  tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayır, qurub- yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən  erməni xalqıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu cinayətləri hansısa yad planetdən gələnlər yox,  erməni xalqı törədib. Məscidləri, tarixi abidələri, qəbirləri dağıdıb, olmazın vəhşiliklər ediblər. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər: “Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.”

Faktaraşdırıcı missiya bir tərəfdən vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldu, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı  bir müstəviyə qoydu. Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar  dünya ictimaiyyətinə çatdırılmalıdır.

 Dövlət başçısı İlham Əliyevin Azərbaycan dövlətinin, xalqının keçdiyi bu zəngin yolu təhlil edərək, dünyaya səs salan tarixi Zəfərimizdən bəhs edərək son iki ildə keçirilən görüşlərdə  verilən “Siz bu Qələbəyə necə nail oldunuz” sualına cavabı olduqca qürurvericidir.  Prezident İlham Əliyev bu suala cavab olaraq bildirir ki,  bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız: “Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.”

Azərbaycan ötən 30 ildə tarixinə sahib çıxaraq, onun hər bir səhifəsini əziz bilərək  dünya ictimaiyyətini dolğun şəkildə məlumatlandırmaq üçün bütün səylərini birləşdirdi. Hər bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Dünya azərbaycanlılarının bir araya gəlməsi, yumruq kimi birləşməsi, yaşadıqları ölkələrdə cərəyan edən proseslərə təsir imkanlarını artırmaq üçün ciddi səylər göstərildi. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Məhz bu qurultay soydaşlarımızın birliyinin möhkəmləndirilməsinə böyük töhfə oldu. Hər beş ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı Azərbaycanın bu illər ərzində  əldə etdiyi uğurların təhlili, həmçinin qarşıda dayanan hədəflərin təbliği baxımından əhəmiyyətli hadisəyə çevrildi. Bu ilin ən mühüm hadisəsi isə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada dünya azərbaycanlılarının bir araya gələrək  postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu hədəflərin reallığa çevrilməsində üzərilərinə düşən vəzifələri müzakirə etmələri oldu.

Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə də təbliğat işində diasporun fəaliyyətinə xüsusi diqqət göstərdi. “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki,  həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışıq.  Qərbi Azərbaycan  İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycanın diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir: “Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var və bu il biz Şuşada tarixi Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirdik. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur.”

Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa əsaslanan Azərbaycan 30 il dünyaya bu çağırışı etdi ki, bu meyarların tətbiqi üçün vahid mexanizm olmalıdır. Ölkəmiz dünyanın ikili standartlara əsaslanan siyasətində ruhdan düşməyərək daim həqiqətlərimizi faktların dili ilə dünya ictimaiyyətinə çatdırdı. Qarabağ münaqişəsinin bu gün tarixə qovuşmasında, tarixi Zəfərimizdə informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Belə ki, ölkəmiz bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycan ərazisi olduğu öz əksini tapıb. Baxmayaraq ki, bu qətnamələr 30 il kağız üzərində saralaraq həllini gözlədi, amma Azərbaycan sonadək haqqın, ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirdi və 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsi ilə bunu bir daha təsdiqlədi.

Bu gün Qarabağ və Şərqi Zəngəzur həyatının yeni mərhələsini yaşayır. Genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyev məhz qaçqın və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıdışlarını önə çəkərək bu ilin  avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrildiyini bildirdi və bu inamı ifadə etdi ki,  gün gələcək  Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Hədəflər sırasında birgə səylər nəticəsində  Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması xüsusi qeyd edildi. Artıq bu hədəf özündə bütün məqamları ehtiva edir.

Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN